“Əziz qardaşlarımın - Türkiyə Prezidenti və Pakistan Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir”. “Yeni Müsavat” bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirib.
“Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərəcək, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”, - deyə dövlət başçısı qeyd edib.
Maraqlıdır, dövlət başçısı lazımi ünvan(lar) dedikdə hansı siyasi qütbləri və ya mərkəzləri nəzərdə tutub? Çünki hazırda hər üç ölkənin ayrı-ayrı problemləri mövcuddur. Məsələn, Azərbaycanla Ermənistan arasında münaqişə başa çatmayıb. Pakistanın da Hindistanla Kəşmir konflikti qalmaqdadır. Türkiyəyə gəldikdə, PKK səhifəsini qapatsa da, qardaş ölkəyə qarşı həmişə bədxah qüvvələrin məkrli planları var. Çünki Türkiyə gücləndikcə rəqibləri buna sevinmirlər.
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan ikinci üçtərəfli Zirvə görüşünü hər üç ölkənin həyatı, maraqları baxımından tarixi hadisə kimi dəyərləndirdi. Deputat qeyd etdi ki, Zirvə görüşündə hər üç ölkənin gələcək perspektivdə yeni təhlükəsizlik arxitekturasının təməlləri qoyuldu: “Dəyişən dünya nizamında bu çox vacibdir. Fərqli coğrafiyalarda yerləşən bu üç ölkə həm də İslam dünyasının öndə gedən ölkələrindəndir. Bu məqam üçtərəfli Zirvə toplantısının başqa bir məzmununu, mahiyyətini ortaya qoyur. Azərbaycan Prezidentinin ”Azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" mesajı hər üç ölkəni terrora məhkum edən ilk növbədə islamofob dairələrə ünvanlanıb. Pakistan da bu günə qədər terrordan əziyyət çəkir. Özünü Pakistan əhalisində identik, Pakistana mənsub hesab edən Kəşmir və Cammu bölgəsinin müsəlmanlarına qarşı terror həyata keçirilir, Pakistan isə bununla mübarizə aparır. BMT-nin 1967-ci ildə Pakistan-Hindistan savaşından sonra danışıqların dinc yolla aparılması, Kəşmir və Cammuda referendumun keçirilməsi, hansı ölkənin seçilməsi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, bu günə qədər qətnamənin icrası həyata keçirilməyib".
Deputat söylədi ki, bu məsələdə islamofob mərkəzlərin marağı var: “Azərbaycan 30 ildən çoxdur ki, islamofobiyadan bəslənərək daha da güclənən erməni terrorizminə qarşı savaşır. Şübhəsiz ki, bu prosesdə Ermənistanı ən çox dəstəkləyən islamofob mərkəzlərdir ki, bu gün də bu dəstək davam edir. Qardaş Türkiyə də 40 ildən çoxdur ki, bu mərkəzlərdən, hətta NATO müttəfiqləri tərəfindən dəstəklənən PKK terrorundan əziyyət çəkir. Hazırkı tarixi mərhələdə hər üç ölkə qətiyyət, cəsarət nümayiş etdirərək bu problemlərdən xilas olmaqdadırlar. Azərbaycan ərazi bütövlüyünü, suveren hüquqlarını tam bərpa edib, qardaş Türkiyə PKK-ya son zərbə vuraraq özünü buraxmasına nail olub, qardaş Pakistan isə ikigünlük savaşda situativ döyüşdən qalib çıxıb. Bu üçlüyün gücünün göstəricisidir. Bir sözlə, Laçında gələcək dünya nizamı üçün bizi istəməyən islamofob, antitürk mərkəzlərə lazımi mesajlar verildi”.
Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, liderlər regional, qlobal problemlərə dair yalnız öz qənaətlərini bölüşmür, eyni zamanda, üçtərəfli yürüdüləcək qətiyyətli siyasəti elan edirlər: “Bu, dünya nizamında zərərli təsirlər yaradan hökmranlıqlara qarşı tutarlı və prinsipial mövqelərin üçtərəfli formatdakı elanıdır. Azərbaycan-Türkiyə-Pakistan ittifaqının yüksəlməsi regiondakı süni geosiyasi axarları dəyişmək, qlobal idarəetmə institutlarının hegemonluğunu neytrallaşdırmaq üçün müdafiə strategiyasını vurğulayır. Yəni Bakı-Ankara-İslamabad üçbucağı təkcə bir bölgənin - Cənubi Qafqazın - deyil, ümumilikdə Avrasiya geosiyasətində əsas rolları qeyd edən bir platformaya çevrilir”.
Siyasi şərhçiyə görə, mesajların Laçından verilməsinin isə ayrıca bir əhəmiyyəti var və bu, simvolik bir təzahürlə bərabər, gələcək mümkün təhdidlərdə Azərbaycan-Türkiyə-Pakistanın hərbi səylərini qeyd etməyə imkan verir: “Yəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şərqi Zəngəzur bölgəsinə hər hansı təhdid mənbəyi yaranarsa, Bakı-Ankara-İslamabad müttəfiqliyinin hərbi komponentləri döyüş əməliyyatlarında öz performasını göstərəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçına ölkəsinin hava qüvvələrinin təyyarəsi ilə gəlməsi də bu mənada çox şeyi deyir”.
A.Kərimov hesab edir ki, regiondakı əməkdaşlıq modellərində iştirak etmək istəyən güclər Azərbaycan-Türkiyə-Pakistan strateji kitabından səhifələr götürmək məcburiyyətindədir: “Üstəlik hər üç ölkənin yeni qlobal nizamyaradan mərkəzə çevrilən Çinlə yüksələn əlaqələri görünməmiş dərəcədə sürətli və dərin dəyişikliklər fonunda çeviklik və preventiv tədbirləri gücləndirən mexanizm yaradır. Göründüyü kimi, Bakı-Türkiyə-İslamabad əməkdaşlığı regionda ambisiyaları məhdudlaşdıran və qlobal geosiyasi rəqabəti balanslaşdıran əhəmiyyətə malikdir. Gələcəkdə bu platformaya maraq göstərən digər dövlətlərə açıq yanaşma da görünə bilər. Bu, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının təkcə üç ölkə arasında deyil, daha geniş regional və beynəlxalq inteqrasiya üçün zəmin ola biləcəyini göstərir.
Ehtimal ki, Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi Avrasiya geosiyasətini formalaşdıran Böyük Britaniya və Çinin diqqət mərkəzinə düşərək yeni-yeni əməkdaşlıqlar üçün formulları stimullaşdıracaq".