ABŞ Müdafiə Kəşfiyyat İdarəsi son illər Rusiyanın Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını bildirib. Agentliyin qlobal təhlükələrlə bağlı son hesabatında Rusiyanın Gürcüstanı öz təsir dairəsinə qaytarmağa nail olduğu bildirilib. Qeyd edilib ki, “Gürcü Arzusu” partiyasının rəhbərlik etdiyi hökumət, xüsusən ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verən şərait yaradıb. Məlumata görə, ötən il Rusiya ilə Ermənistan arasında münasibətlər gərgin olaraq qalıb və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib. Sənəddə həmçinin bildirilir ki, Rusiya erməni demokratiyasını və onun daha çox qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib. Hesabatda Rusiyanın Azərbaycanla münasibətlərinə dair heç bir qiymətləndirmə yoxdur. “Hraparak” qəzeti də yazıb ki, hakimiyyət dairələrində dolaşan məlumatlara görə, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfəri Rusiyanın Zəngəzurda konsulluq açmaq məsələsini həll etməyib. Qəzet iddia edib ki, bu ərazidə Rusiyanın konsulluğu açılmaya bilər: “Rusiya tərəfi 2023-cü ildən bəri Zəngəzurda konsulluq açmağa çalışır. 2022-ci ildən etibarən Qafan şəhərində artıq İranın konsulluğu fəaliyyət göstərir, yaxın günlərdə isə Gorusda Fransanın konsulluğu açılacaq. Rusiya tərəfi mayın sonunadək konkret razılaşmanın əldə olunacağını bildirsə də, mənbələrimiz konsulluğun açılmaması üçün hər şeyin ediləcəyini deyir. Hakim Mülki Müqavilə Partiyasından deputat Marina Kazaryan isə konsulluğun açılmasının niyə uzandığı sualına absurd cavab verib. O bildirib ki, məsələ yerli hakimiyyətin səlahiyyətindədir, konsulluq üçün ərazi ilə bağlı məsələ hələ həll olunmayıb və uyğun yer axtarışı davam edir”. Rusiyalı politoloq Yevgeni Mixaylov bildirib ki, Ermənistan indi Rusiya ilə tamamilə düşmənçiliyə tab gətirə bilməz: "Aİİ Ermənistan iqtisadiyyatı üçün güclü qida mənbəyidir. İrəvanın AB-yə yönəlik istənilən ciddi addımı isə Ermənistanı böyük məbləğdə pul və mənfəət itkisi ilə təhdid edir. İrəvan üçün vəziyyət asan deyil, lakin Ermənistan hakimiyyəti özü bu yolu seçib. Ermənistan Qərbi seçib Rusiyadan ayrılsa, çətin ki, bu, respublika üçün yaxşı bitsin".
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan ətrafında vəziyyət gərgindir və səbəbi də odur ki, Rusiya-Ukrayna savaşından sonra, kollektiv Qərb, başda ABŞ, yəni keçmiş C.Bayden administrasiyası olmaqla Avropa İttifaqı Cənubi Qafqazda daha fəal siyasət yeritməyə başlamışdı. Açıq şəkildə bəyan etdilər ki, onların strateji məqsədi Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır. Siyasi şərhçi bəyan edib ki, bu istiqamətdə də müəyyən addımlar atıldı və məsafə qət edildi:
"Ən azından Avropa İttifaqının "mülki missiya"sı adlanan casus şəbəkəsini bölgəyə yerləşdirilməsinə, qalma müddətinin uzadılmasına, say tərkibinin artırılmasına nail oldular. Hətta Avropa İttifaqına daxil olmayan Kanada kimi ölkələrin nümayəndələrinin missiyaya daxil edilməsinə nail oldular. Bundan başqa Fransa və ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməsi, bir qisminin orada qalması, amerikalı hərbçilərin Ermənistan Müdafiə Nazirliyində təlimatçı və müşavir vəzifəsində çalışması buna misaldır. Bir məqamı da xatırladım ki, rus sərhədçilərinin Zvarnots hava limanını tərk edəndən sonra iki ABŞ təyyarəsi ora silah-sursat gətiriblər. Ora gələn amerikalı hərbçilərin bir qismi Zəngəzur bölgəsinə yerləşdirilib. Yəni Ermənistan həm də özünün müdafiə sistemini şaxələndirməyə çalışdı. Xüsusən də Rusiyadan silah və hərbi texnika alışını ciddi şəkildə azaltdı. Bir zamanlar hərbi ehtiyaclara görə, 90 faiz Rusiyadan asılı olan Ermənistan son günlərdə bunu 10 faizə endirdi. Fransa, İran, Hindistan, Yunanıstan, Cənubi Kipr və digər dövlətlər Ermənistanla hərbi sahədə əməkdaşlıq imzaladılar və Ermənistana müxtəlif növdə silah tədarükü etməyə başladılar. Rusiya da bu prosesi yaxından izləyirdi. Zaman-zaman Rusiya XİN-dən verilən açıq mesajları da görürdük.".
O.Qasımov əlavə edib ki, ABŞ-də administrasiya dəyişikliyindən və Donald Trampın Rusiya ilə danışıqlarından sonra Moskva Ukrayna cəbhəsində təşəbbüsü əlinə aldı və izolyasiyadan çıxdı:
"Faktiki olaraq bu gün Rusiya öz şərtlərini diktə etməklə prosesin aparılmasına çalışır. Müəyyən qədər də buna nail olub. Üç aydan artıqdır danışıqlar getsə də, ABŞ prezidenti D.Tramp hələ də V.Putini öz istədiyi məcraya yönəldə bilməyib. Nəticə etibarı ilə Ukrayna ilə savaşda "belini dikəldən" Rusiya diqqəti yenidən Cənubi Qafqaza yönəldib. Cənubi Qafqazda Rusiyanın hərbi bazalarının olduğu əsas ölkə Ermənistandır. Rus sərhədçiləri Türkiyə sərhədlərində qalmaqdadır. Ermənistan iqtisadiyyatı hələ də ciddi şəkildə Rusiya ilə bağlıdır. Ticarət dövriyyəsi Rusiya-Ukrayna savaşı başlayandan sonra təxminən 6 dəfə böyüyərək, 14 milyard dollara yaxınlaşıb. Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaq üçün yardımçı olub. Zaman dəyişib və artıq Rusiya tərəfi Ermənistanla açıq dialoqa və müzakirələrə başlayıb. Çünki Trampın hakimiyyətə gəlməsi ilə Qərb cinahında da bölünmə yaşandı".