Milli Məclis Azərbaycan və Çin vətəndaşlarının vizadan qarşılıqlı şəkildə azad edilməsi haqqında sazişi təsdiqləyib. Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Saziş yalnız qısa müddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar. Qeyd olunub ki, tərəflərin daxili prosedurları tamamlayaraq diplomatik kanalla təqdim etdikləri yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Ləğv barədə bildiriş təqdim edildikdə, saziş 90 gündən sonra qüvvədən düşür. Saziş qeyri-müəyyən müddətə bağlanıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” səsə qoyularaq bir oxunuşda qəbul edilib.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Azərbaycan və Çin arasında münasibətlərin inkişafı yeni bir mərhələyə qədəm qoyur:
“Artıq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və bu, münasibətlərin daha yüksək səviyyədə inkişafına zəmin yaradır. Azərbaycan Prezident İlham Əliyevin Pekinə son səfəri zamanı da Azərbaycan və Çin arasında bir sıra əhəmiyyətli sənədlər imzalandı və qarşılıqlı razılaşmalar əldə olundu. Bu da göstərir ki, tərəflər münasibətləri strateji statusa yüksəltməkdə qərarlıdırlar. Yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi və ticarət sahəsində deyil, eyni zamanda hərbi və təhlükəsizlik sahələrində də genişlənəcək. Hazırda Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb. Bu sistem iki ölkənin ortaq maraqlarına əsaslanaraq iqtisadi, regional və qlobal əməkdaşlığı, eləcə də təhlükəsizlik istiqamətlərini əhatə edəcək. Hazırda atılan addımlar daha dərin və uzunmüddətli tərəfdaşlıq üçün baza rolunu oynayır. Bunun real nümunəsi kimi, Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı şəkildə ləğv edilməsi göstərilə bilər. Bu, həm qarşılıqlı etimadın gücləndirilməsi, həm də vətəndaşların iqtisadi və ticarət sahələrində əməkdaşlığa töhfə verməsi baxımından əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, Bakı-Pekin münasibətləri təkcə bu gün üçün deyil, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq üçün də olduqca perspektivlidir”.