“Əgər doğrudan da Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri olarsa, demokratik dünya birliyi nələr etməlidir? Təbii ki, öncə postsovet ölkələrinə hərtərəfli və geniş dəstək verilməlidir. Söhbət əsasən iqtisadi, siyasi, hərbi, kəşfiyyat və s. sahələrindən gedir”.
Bunu Moderator.az əməkdaşının “Rusiya tərəfindən keçmiş SSRİ sərhədləri boyunca imperiyanı bərpa etmək cəhdləri gerçəkləşəcəyi halda bu prosesin qarşısını almaq üçün qarşı tərəf - demokratik dünya birliyi, ABŞ, Avropa, həmçinin və ən əsası, real təhlükə altındakı postsovet ölkələri, o cümlədən Azərbaycan hansı tədbirləri görməlidirlər və görə bilərlər?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Amma ən əsası həmin keçmiş müttəfiq ölkələrin özləri bir vacib tədbiri görməlidirlər. Bunun üçün Putinin qondarma “Rus dünyası” ideologiyasına söykənən imperialist siyasətinin təsirini zəiflətməkdən ötrü öz ərazilərində “rus dili”, “rusdilli” anlayışlarını, rus dilində təhsili aradan qaldırmalıdırlar. Ona görə ki, bu gün Ukraynaya qarşı o işğalçı müharibənin ideoloji əsaslandırılması həmin o “Rus dünyası” deyilən anlayışdır. Bu əsaslandırma məhz ondan irəli gəlir ki, filan yerdə rusdilli əhali var və biz onu qorumalıyıq. Rusdilli əhali “Rus dünyası”nın tərkib hissəsidir. Odur ki, rusdilli əhali anlayışı gündəmdən çıxarılmalı, rus dilində təhsil ləğv olunmalıdır. Rusiyanın bütün təbliğat imkanları son dərəcə məhdudlaşdırılmalıdır. Ən başlıcası da, Rusiyanın postsovet ölkələrindəki, o cümlədən Azərbaycandakı “5-ci kalon”u ləğv olunmalıdır. Və bunu dövlət ən ciddi şəkildə etməlidir. Dövlətlər bunu edəcəkmi? Bu artıq başqa söhbətin mövzusudur”, -deyə davamında analitik bildirib.