İranın sonuncu şahının nəvəsi İman Pəhləvi daha əvvəl Nyu-Yorkda baş tutan qapalı toy mərasimindən sonra Parisdə yəhudi əsilli amerikalı sahibkar Bredli Şermana ailə qurub.
AzVision.az “Kayhan Life” nəşrinə istinadən xəbər verir ki, cütlük nikahlarını keçən ay Nyu-Yorkdakı Manhetten Evlilik Reyestrində rəsmi olaraq qeydiyyatdan keçirib. Onların rəsmi nikahında yalnız yaxın ailə üzvləri, o cümlədən İmanın atası, İranın keçmiş vəliəhdi Rza Pəhləvi iştirak edib. Bununla belə, Nyu-Yorkda özəl şənlikdən sonra İman və Bredli Parisdə dostları və ailə üzvləri üçün dəbdəbəli toy ediblər.
Mərasim ötən həftə sonu baş tutub və toyda İran şahı ailəsinin üzvləri, o cümlədən şahın dul qalmış arvadı Fərəh Pəhləvi və gəlinin bacıları Nur və Fərəh də iştirak ediblər.
Cütlük Nyu-Yorkda yaşayır. 31 yaşlı İman Pəhləvi “American Express”də işləyir, onun əri Bredli Şerman isə “Matternet” dronlar vasitəsi ilə çatdırılma şirkətində tərəfdaşlıq üzrə rəhbərdir.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə bəylə gəlinin stullarda qaldırıldığı zaman xorun rəqsi əks olunub ki, bu da yəhudilərin toylarında ənənədir. Bu, mərasimin diqqətəlayiq mədəniyyətlərarası vurğusu olub.