2025-ci tədris ili üzrə Azərbaycandakı ümumi təhsil müəssisələrində 1 619 335 şagird var. Onlardan təxminən 100 mini rus dilində təhsil alır ki, bu da ümumi şagird sayının 6,18 faizini təşkil edir. Bu haqda APA-nın araşdırma yazısında bildirilir.
Statistikaya əsasən, Azərbaycanda yaşayan etnik rusların sayı təxminən 71 min nəfərdir. Bu isə o deməkdir ki, rus bölməsində oxuyanların əksəriyyəti etnik ruslar deyil, məhz azərbaycanlı uşaqlardır. Hazırda Azərbaycanda tam rus dilində tədris aparan 17 məktəb fəaliyyət göstərir. Bundan əlavə, 340 ümumi təhsil müəssisəsində rus bölməsi mövcuddur.
Maraqlıdır ki, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlının yaşadığı bildirilsə də, Rusiya Federasiyası ərazisində Azərbaycandilli məktəb mövcud deyil. Bu məsələ zaman-zaman ictimaiyyət tərəfindən müzakirə olunur.
Eyni zamanda, İran da bu kontekstdə tez-tez tənqid olunur. Bildirilir ki, İran İslam Respublikasında 40 milyona yaxın Azərbaycan türkü yaşasa da, onların ana dilində təhsil ala biləcəkləri məktəblər fəaliyyət göstərmir. Bu isə çoxları tərəfindən mədəni və dil hüquqlarının pozulması kimi qiymətləndirilir.
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədovun fikrincə, bu kimi məsələlərin müzakirəsi zamanı diqqətli olmaq lazımdır.
O, Azərbaycanı Rusiya və İranla müqayisə etməyin əleyhinə olduğunu qeyd edib:
“Azərbaycan tolerant, multikultural ölkədir. Məhz bu səbəblərdən Azərbaycana dünyada böyük diqqət var. Ölkəmizdə rus dili məktəblərinin hazırkı dönəmdə fəaliyyət göstərməsi normaldır. Biz birdən-birə həmin məktəblərin hamısını bağlaya bilmərik. Bununla bağlı Elm və Təhsil Nazirliyinin də açıqlaması oldu. Qeyd olunan rəqəmlər böyük bir göstərici deyil. Ölkəmizdə təxminən 100 minə yaxın rus yaşayır. Eyni zamanda, informasiya müharibəsində uduzmamaq üçün bizə rus dilini bilən mütəxəssislər də lazımdır”.
Deputat deyib ki, birdən-birə rus dilində olan məktəblərin bağlanması çoxlu sayda müəllimin işsiz qalmasına səbəb olacaq:
“Rusdilli məktəblərin bağlanması, ümumilikdə, təhsil və tədris prosesimizə də təsir göstərə bilər. Ona görə də hələ tələsməməliyik. Onsuz da bu məktəblər mərhələli şəkildə bağlanır. Getdikcə azalacaq və daha az insan o məktəblərdə təhsil alacaq. Prosesləri təmkinlə gözləməli və sona kimi dövlətimizin yanında olmalıyıq. Bu gün prioritet məsələ Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, orada azərbaycanlılara qarşı təzyiqlərin qarşısının alınmasıdır. Mövqeyimizi bu istiqamətdə gücləndirməliyik”.
Təhsil məsələləri üzrə ekspert Sona Əliyevanın sözlərinə görə, bu fakt göstərir ki, rus bölməsində təhsil alan şagirdlərin əhəmiyyətli hissəsi etnik azərbaycanlılardır və valideynlərin bir qismi övladlarını rus bölməsində oxutmağa üstünlük verir:
“Səbəblər arasında rus dilinin regiondaxili və beynəlxalq kommunikasiyada önəmli mövqeyə malik olması, eləcə də gələcək karyera imkanlarını genişləndirdiyi barədə yayılmış təsəvvürlər dayanır. Hazırda Azərbaycanda tamamilə rus dilində təhsil verən 17 məktəb və rus bölməsi olan 340 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu göstəricilər ölkədə rus dilində təhsilə münasibətdə liberal və tolerant yanaşmanın olduğunu təsdiqləyir. Digər tərəfdən, maraqlı müqayisə obyektinə çevrilən Rusiya və İran kimi ölkələrdə fərqli mənzərə müşahidə olunur. Bu fakt Azərbaycanla müqayisədə həmin ölkələrdə milli azlıqlara yönəlik dil siyasətinin daha məhdudlaşdırıcı olduğunu göstərir”.
Ekspert deyib ki, 2025-ci tədris ilində Azərbaycanda rus bölməsində təhsil alan şagirdlərin sayı ümumi şagird kontingentinin təxminən 6 faizini təşkil edir və bu göstəricinin yaxın illərdə sabit qalacağı və ya müəyyən qədər artacağı proqnozlaşdırılır:
“Çünki bir çox valideyn hələ də rus dilini beynəlxalq ünsiyyət və gələcək karyera baxımından üstünlük kimi görür. Bununla belə, uzunmüddətli perspektivdə dövlət dili siyasətinin güclənməsi və milli identitetin möhkəmlənməsi fonunda rus bölməsinə marağın tədricən azalması mümkündür. Hazırda Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblərin və bölmələrin tamamilə bağlanması məqsədəuyğun hesab edilmir. Bu, həm azsaylı rus icmasının hüquqlarını, həm də çoxdilli təhsil ənənəsini qoruyur. Digər tərəfdən, Rusiyada milyonlarla azərbaycanlının, İranda isə on milyonlarla Azərbaycan türkünün olmasına baxmayaraq, ana dilində təhsil hüququnun tanınmaması həmin ölkələrin vahid və mərkəzləşdirilmiş dil siyasəti, assimilyasiya yönümlü yanaşmaları, milli azlıqlar üçün hüquqi mexanizmlərin məhdudluğu və azərbaycanlı icmaların təşkilatlanma çətinlikləri ilə izah olunur. Bu amillər oradakı icmaların dil və mədəniyyət baxımından identitet risklərini artırır. Nəticə etibarilə, Azərbaycanda mövcud dil siyasəti beynəlxalq miqyasda daha açıq və tolerant model hesab edilə bilər, lakin dövlət dili prioriteti də mütləq şəkildə qorunmalıdır”.
Qeyd edək ki, Azərbaycanda fars və digər qeyri-rəsmi dillərdə tədris aparan məktəblər mövcud deyil.