Türkiyənin ən böyük müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özal bu ilin noyabrında növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyib.
Globalinfo.az xəbər verir ki, o, prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Özalın sözlərinə görə, bu, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan üçün də uğurlu təklifdir. Çünki konstitusiyaya görə, o, yalnız erkən səsvermə zamanı yenidən namizəd ola bilər.
Müxalifətin çağırışlarına cavab olaraq Ərdoğan iyulun 9-da parlamentdə bildirib ki, noyabrın 2-də ümumi seçkilərin keçirilməsi hökumətin planlarına daxil deyil. Prezident seçkilərin planlaşdırıldığı kimi 2028-ci ildə keçiriləcəyini vurğulayıb.
“Ərdoğan seçkilərdən yayınır. Noyabrın 2-də seçilməsinin iki il yarımı tamam olacaq. Bundan sonra Ərdoğan daha namizəd ola bilməyəcək. Mən Ərdoğana çox yaxşı təklif edirəm. Bu şansı qaçırmamalıdır”, – Özal qeyd edib.
O, həmçinin əlavə edib ki, müxalifətin artıq prezidentliyə namizədi var. Bu, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğludur.