Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru olmuş Əmrah Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xüsusi müsadirənin tətbiq edilməsi hissəsində dəyişdirilib. Vurulmuş ziyanın dəyəri məbləğində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzilin ½ hissəsinə və 1999-cu il buraxılışı olan “Mercedes C180” markalı avtomobilin ½ hissəsinə xüsusi müsadirə tətbiq olunub və Azərbaycan Respublikasının dövlət nəfinə alınıb.
İttihama görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Ə.Səfərovun evi və maşını müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya şikayəti və əlavə qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, hökmdən Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən mənzilə və 1999-cu il buraxılışı “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəalar çıxarılıb. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilərək təqsirləndirilən şəxsin barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilmişdi.
Qeyd: Xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.