Keçmiş teleaparıcı, hazırda ABŞ-da yaşayan Günel Musəvinin (Krişnan) sosial şəbəkədə paylaşdığı təcrübə bir çox insan üçün xəbərdarlıq siqnalı ola bilər.
O bildirib ki, tanışı olan bir şəxs ona “fərdi dietoloq xidməti” adı altında ChatGPT vasitəsilə hazırlanmış pəhriz planı təqdim edib. 130 dollar (təxminən 221 AZN) ödəniş etdikdən sonra isə “peşəkar komanda”nın arxasında sadəcə süni intellekt alətinin durduğunu öyrənib.
Bəs süni intellekt alətləri ilə hazırlanmış pəhriz planlarının peşəkar tibbi məsləhət kimi təqdim olunması qanunvericilik baxımından fırıldaq sayılırmı? Belə hallarda vətəndaşlar hüquqlarını necə qoruya bilər?
Globalinfo.az-a danışan vəkil Asim Abbasov bildirib ki, bir şəxsin “peşəkar fərdi dietoloq xidməti” adı altında süni intellekt (məsələn, ChatGPT) vasitəsilə hazırlanmış planı müştəriyə, onun bilgisi və razılığı olmadan təqdim etməsi və bu xidmət üçün ödəniş alması qanunvericilik baxımından fırıldaqçılıq əlamətləri daşıya bilər.
Onun sözlərinə görə, məsələ həm istehlakçı hüquqlarının pozulması, həm də dələduzluq kontekstində qiymətləndirilə bilər:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, satıcı (istehsalçı və ya icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və təqdim etdiyi məlumata uyğun məhsul və ya xidmət göstərməlidir. Əgər təqdim olunan xidmətdə aldatma, qeyri-dəqiq və ya yalan məlumat varsa, bu, istehlakçının hüquqlarının pozulmasıdır. Belə olan halda vətəndaş ödənişin geri qaytarılmasını və dəymiş zərərin ödənilməsini tələb edə bilər”.
Vəkilin sözlərinə görə, əgər kimsə özünü yalandan peşəkar dietoloq kimi təqdim edərək, sadəcə süni intellekt vasitəsilə hazırlanmış adi planı müştəriyə satır və bundan maddi gəlir əldə edirsə, bu artıq dələduzluq kimi qiymətləndirilir:
“Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq – aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakının ələ keçirilməsi cinayəti hesab olunur”.
Asim Abbasov bildirib ki, belə hallarda vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər:
“Bu qurum istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati araşdırma apara və satıcıya qarşı cərimə və ya fəaliyyətin dayandırılması barədə qərar verə bilər. Eyni zamanda, vətəndaş məhkəməyə müraciət edərək ödənişin geri qaytarılmasını və ona dəymiş zərərin əvəzinin ödənilməsini də tələb etmək hüququna malikdir. Əgər vədin düzgün yerinə yetirilmədiyi və vətəndaşın aldadılaraq pulunun ələ keçirildiyi sübut olunarsa, hüquq-mühafizə orqanlarına – polisə və ya prokurorluğa da şikayət vermək mümkündür”.