Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşün nəticələri müsbət xarakterizə olunur. Görüşdə sülh sazişinin imzalanacağı ilə bağlı proqnozlar səslənsə də, bu elə də real görünmürdü. Əldə edilən sülh sazişi layihəsinin xarici işlər nazirləri tərəfindən paraflanması gözlənilirdi. Məhz görüşün yekununda da bu mövzuya aid razılıq əldə edilib.
Bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Əbu-Dabi görüşünün nəticələrini şərh edərkən deyib.
Sabiq nazir hesab edir ki, bu cür görüşlər tərəflər arasında bütün mövzulara dair səslənən suallara cavab tapmaq baxımından önəmlidir: “Hər iki ölkə lideri birbaşa qaranlıq qalan məsələləri açıq şəkildə müzakirə edə bilir. Sözsüz ki, vasitəçi olmadan baş tutan bu tipli görüşlərin nəticəsi effektiv olur. Mən xarici işlər naziri olduğum dövrdə də ermənistanlı həmkarımla birbaşa danışıqlar apara bilirdim. Ölkə başçıları da birbaşa təmasda olurdu. Sadəcə, keçmiş münaqişə dövrdə ATƏT-in Minsk Qrupunun timsalında vasitəçilik var idi. ATƏT-də bir çox məsələləri öz üzərinə götürmüşdü. İndi isə o münaqişə tarixə qovuşub. Tərəflər artıq sülhdən, iqtisadi əməkdaşlıqdan, dövlətlərarası münasibətlərin formalaşmasından danışa bilir”.
Elmar Məmmədyarov danışıqlarda üçüncü tərəf kimi iştirak edənlərin ancaq öz maraqları kontekstində məsələyə yanaşdığını söyləyib: “Rusiya, ABŞ, Fransa, Avropa İttifaqı və digərləri vasitəçilik təklif etsələr də məsələləri ancaq öz prizmalarından dəyərləndirməyə çalışırdı. Bu mənada birbaşa danışıqların aparılması olduqca effektivdir. Məhz Əbu-Dabidə də Azərbaycan və Ermənistan liderləri bu formatda qarşılıqlı müzakirələr aparıblar. Burada da ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib. Tərəflər məhz bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nəticələr bir daha analiz edilib və prosesin davam etdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.