Erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi ilə bağlı beynəlxalq məhkəmə işində qələbə qazanıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Karapetyanın vəkili bəyanat yayıb.
Bəyanatda deyilir:
"Samvel Karapetyan və ailəsi Ermənistan Respublikasına qarşı başladılmış təcili arbitraj işi çərçivəsində qalib gəlib. Karapetyan ailəsi arbitraj işini 1995-ci il yanvarın 18-də Ermənistan Respublikası və Cənubi Kipr Respublikası arasında imzalanmış İnvestisiyaların Təşviqi və Qorunması Sazişi əsasında Stokholm Ticarət Palatası Arbitraj İnstitutuna təqdim edib. Ermənistan hökumətinin nümayəndəsi də prosesdə iştirak edib.
2025-ci il iyulun 22-də Stokholm Ticarət Palatası tərəfindən təyin olunmuş təcili arbitraj məhkəməsi Ermənistan Respublikasına yeni qəbul olunmuş "Energetika haqqında" və "İctimai xidmətləri tənzimləyən orqan haqqında" qanunların "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə tətbiq edilməməsini və bu şirkətin müsadirə olunması ilə bağlı hər hansı gələcək addımlardan çəkinməsini əmr edib.
Arbitraj qeyd edib ki, Ermənistanın hərəkətləri Ermənistanla Kipr arasında qüvvədə olan qarşılıqlı investisiya qorunması sazişinin şərtlərinə əməl olunması ilə bağlı ciddi şübhələr doğurur. Həmçinin bildirilib ki, təcili müdafiə tədbirləri görülməsə, iddiaçılar şirkət üzərində nəzarəti itirdikdə və ya daha da pisi – onun mülkiyyətindən məhrum olduqda, dəyən zərərin tam kompensasiyasını almaqda çətinlik çəkəcəklər.
Təcili arbitrajın qərarı Ermənistan Respublikası hökuməti üçün icbari xarakter daşıyır.