Beyləqan rayonunda 39 yaşlı kişi yeniyetmə yaşına çatmayan qızla münasibət qurub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini Adil İmişli rayonundan olan Ayseli (adlar şərti verilib – red.) onun öz razılığı və təklifi ilə ailə qurmaq məqsədilə 2024-cü il sentyabrın 7-də qaçırmağı qərarlaşdırıb. Həmin gün axşam saatlarında Ayseli İmişli rayonunun kəndindən öz yaşadığı kəndlərinə, atası evinə gətirib.
Sentyabrın 9-da isə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub, oktyabrın 10-dək intim münasibəti davam etdirib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Aysel sevdiyi qızdır: “Bir ildən çoxdur tanışıq, onu Beyləqan rayonunun kəndində yerləşən pambıq sahəsində işləyən zaman gördüm və bəyəndim.
Onu bəyənməyim barədə özünə söz göndərdim. O da cavabında tanış olmaq istədiyini bildirdi. Ayselin telefon nömrəsini öyrəndikdən sonra onunla danışmağa və yazışmağa başladım. Aysel məndən ona elçi göndərməyimi istədi. Mən də atam-anamı elçi göndərdim. Ayselin valideynləri evlənməyimizə razı oldu və İmişli rayonunun kəndində nişan mərasimi keçirildi”.
Müttəhimin sözlərinə görə, nişan mərasimi 2023-cü ilin oktyabrında, indi xatırlamadığı gündə baş tutub: “Mərasimlə bağlı heç bir şəkil və ya videogörüntü olmayıb. Bir müddət sonra Ayselin yaşının az olması səbəbindən ailəsinin nişanı qaytarmaq istədiyini eşitdim. Buna görə Aysel telefonla danışan zaman məndən onu qaçırmağımı istədi. Mən də razılaşdım”.
Adil bildirib ki, sentyabrın 7-də axşam saatlarında İmişli rayonunun kəndinə, Ayselgilin evinin qarşısına gəlib və onu oradan götürüb: “Birlikdə piyada yaşadığım Beyləqan rayonunun kəndində yerləşən evə gəldik.
Ayseli qaçırdığımı heç kim bilmədi, bizə heç kəs kömək etmədi. Evdə anam-atam Ayseldən öz xoşu ilə gəlib-gəlmədiyini, məni sevib-sevmədiyimi soruşdular. Qız da məni sevdiyini və mənimlə öz razılığı ilə evlənmək məqsədilə gəldiyini bildirdi.
Həmin gün Aysel anamla birlikdə yatdı və biz cinsi əlaqədə olmadıq. Bundan iki gün sonra, yəni ilk dəfə sentyabrın 9-dan artıq birlikdə eyni otaqda yatmağa başladıq. İlk dəfə həmin gün cinsi əlaqədə olduq. Aysel sentyabrın 7-dən bəri mənimlə birlikdə ailə kimi yaşayır və hazırda hamilədir”.
Təqsirləndirilən şəxs sonda əməlindən peşmanlıq keçirdiyini, Vətən müharibəsi iştirakçısı olduğunu, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medallar aldığını, zərərçəkmiş şəxslə ailə kimi yaşadıqlarını və uşaqlarının olacağını bildirib.
İş üzrə ifadə verən Ayselin atasının sözlərinə görə, qızı ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıb: “Təqsirləndirilən Ayselin sevdiyi oğlandır, onunla da ədavət və ya düşmənçiliyimiz yoxdur. Təxminən 1 il bundan əvvəl Adil ata-anası ilə birlikdə bizə elçi gəldilər. Elçilik zamanı qızımın yaşının az olduğunu bildirdim, onların evlənməyinə yalnız qızım 18 yaşına çatdıqdan sonra razı olacağımı dedim. Qızımın şəxsiyyət vəsiqəsini də onlara göstərdim. Adilin valideynləri razılaşdılar”.
Atanın dediyinə görə, 2024-cü ilin sentyabr ayına kimi qızı Adillə telefonla danışıb: “Mən və həyat yoldaşım Adilin ailəsi ilə tez-tez əlaqə saxlamışıq. Həmin ilin sentyabr ayında fermadan evə qayıdanda qızımı evdə görmədim. Anasından soruşanda onun da qızımızı axtardığı məlum oldu. Ayseli axtarsaq da, tapa bilmədik.
Adilin yaşadığı evə gəldim, valdeynləri onun qızımı qaçırdığını bildirdilər. Hazırda onlar ailə kimi bir yerdə yaşayırlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay müddətinə şərti cəza verilib.