Masallı rayonunun Qızlağac və Köçəkli kəndlərində fermerlər yetişdirdikləri pomidor məhsulunu sata bilmədiklərini bildirirlər.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hektarlarla ərazidə yetişdirilən məhsul sahələrdə qalıb, alıcı gözləyir.
Fermerlərin sözlərinə görə, iri market və bazarlarda təxminən 1 manata satılan pomidor üçün sahələrdə 15 qəpiyə belə alıcı tapılmır.
İstehsalçılar qeyd ediblər ki, bu qiymətə satış nəinki qazanc gətirir, heç gündəlik yığım xərclərini belə ödəmir.
Bundan əlavə, məhsulun paytaxt və digər rayonlara daşınması üçün əlavə nəqliyyat xərcləri tələb olunduğundan fermerlər bu yolu da seçə bilmirlər.
Bölgədə fəaliyyət göstərən emal müəssisələri isə məhsulu elə minimum qiymətə almağa maraq göstərirlər.
Fermerlər onu da söyləyiblər ki, vəziyyət belə davam edərsə, qarşıdakı isti günlərdə tonlarla məhsul tarlalarda çürümə təhlükəsi ilə üz-üzə qalacaq.
Onlar aidiyyəti qurumlardan bu məsələyə diqqət yetirilməsini və dəstək göstərilməsini istəyirlər.