Bir müddətdir ki, Azərbaycanla Rusiya arasında gərginlik səngimir. Ötən günlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun çıxışının rus mediasında narahatlıqla qarşılanması, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” nəşrinə Moksva ilə münasibətlərdə əsaslı dəyişikliyin baş vermədiyini deməsi bunu sübut edir. Hacıyev qeyd edib ki, Rəsmi Bakı Kremlin AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini gözləsə də, əksinə, son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur.
Proses hansı formada irəliləyə bilər? Bakı-Moskva arasında münasibətlər hazırda necədir?
Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, iki ölkə arasında gərginliyi artıran və qarşıdurmanı dərinləşdirən səbəblər hələ də aradan qaldırılmayıb:
“Azərbaycana qarşı qeyri-dost hərəkətlər və Rusiya kütləvi informasiya vasitələrində sistemli şəkildə aparılan anti-təbliğat başlıca amillərdəndir. AZAL şirkətinə məxsus mülki təyyarənin vurulması ilə bağlı yeni faktların açıqlanmasına baxmayaraq, rəsmi Moskva hələ də susur. Təcrübəyə əsaslanaraq bu məlumatların artıq səhih olduğunu demək mümkündür, əks halda, Rusiya rəsmiləri çoxdan təkzib edərdilər. Kremlin səssizliyi rəhbərliyin bu məsələ ilə bağlı mövqeyinin və yanaşmasının dəyişmədiyini göstərir”.
Politoloq xatırladıb ki, rəsmi Bakı vurulan təyyarəyə görə kompensasiyanın ödənilməsini, həlak olmuş sərnişinlərin ailələrinə dəstək verilməsini və rəsmi şəkildə üzr istənilməsini tələb edir:
“Bu, həm beynəlxalq normalara, həm də mövcud praktikaya uyğun əsaslı gözləntilərdir. Eyni zamanda, rəsmi Bakı etnik zəmində azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədilən cinayətlərin obyektiv şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsi tələbini irəli sürüb. Həmçinin, diasporamız əleyinə etnik zəmində ayrı-seçkilik və diskriminasiya siyasətinə son qoyulmasını istəyirik. Rusiyada işləyən və müvafiq icazələrə sahib olan Azərbaycan vətəndaşları zorla, onların iradəsinə zidd şəkildə hərbi əməliyyatlara cəlb olunurlar. Beləliklə, faktiki olaraq onlar girov götürülürlər”.
Ekspert əlavə edib ki, münasibətlərin normallaşması prosesi Kremlin atacağı addımlardan asılıdır:
“Azərbaycanın mövqeyi aydındır və bu, hər hansı bir xüsusi imtiyaz, yaxud güzəşt tələb edən bir yanaşma deyil. Gözləntilərimiz və tələblərimiz tamamilə beynəlxalq hüquqa uyğundur. Əgər Rusiya Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, ilk addımı atmalı və bu istiqamətdə təşəbbüs göstərməlidir. Nəticələrə əsaslanaraq, Bakıda Moskva ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirə bilər. Əlaqələrin normallaşmasının əsas şərti bizə nümayiş etdiyinə qeyri-dost münasibətə son qoyulmasıdır. Bunun dəyişməsi, həmçinin Azərbaycan diasporasına qarşı müxtəlif vasitələrlə, şantaj, qorxutma və hədələmə siyasətinin dayandırılması vacibdir. Hətta ABŞ və qonşu İranla münasibətlərdə də Azərbaycan yalnız qarşı tərəfin müvafiq addımlarından sonra əməkdaşlığı bərpa etməyə hazır olub. Rusiya bu təcrübədən nəticə çıxarmalıdır. Tərəflər arasındakı gərginliyin və böhranın nə qədər davam edəcəyi, əsasən, Moskvanın mövqeyindən asılıdır. İlk addımı onlar atmalıdır. Bakının məsələyə yanaşmasının gələcəkdə də dəyişməyəcəyi gözlənilir”.