İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. Vilayəti bu layihəni "İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid" kimi qiymətləndirib. Vilayətinin cəfəng sözlərinə görə, "düşmənlər" iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər. O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr "iqtisadi dəhliz" adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar, əslində, Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır. O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycanın xalqını "düşmən planlarına qarşı ayıq olmağa" çağırıb. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının bir sıra səbəbləri var. Zəngəzur dəhlizi həyata keçərsə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa bağlantı açılır. Bu halda İran-Ermənistan sərhədi qapana və İranın Ermənistan üzərindən Avrasiya bazarlarına çıxışı çətinləşə bilər. İran bunu özünün şimaldan təcrid olunması kimi qiymətləndirir. Həmçinin, Zəngəzur dəhlizi Türkiyəni birbaşa Mərkəzi Asiya və Qafqaza bağlayır. Bu da İranın regiondakı nüfuzunu zəiflədir. İran bölgədə Türkiyənin və NATO-ya yaxın qüvvələrin güclənməsini öz təhlükəsizliyi üçün risk sayır. İran özünü Qafqazda tarazlaşdırıcı güc kimi görür. Zəngəzur dəhlizi bu balansı Azərbaycan və Türkiyə lehinə dəyişdirə bilər. Bu səbəbdən Tehran bu layihəyə narazılıq edir.
Siyasi şərhçi Asif NərimanlıSherg.az-a deyib ki, Xameneinin müşaviri Əli Əkbər Vilayətinin iddiaları, dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Ekspertin sözlərinə görə, Vilayətinin vurğunu məhz NATO təhlükəsi və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb:
"Onun digər iddiası da şübhəlidir. Vilayəti deyir ki, "İran daha öncə qırmızı xəttini elan edib və sərhəddə hərbi təlimlər keçirməklə dəhlizin açılmasının qarşısını alıb". Hərçənd, Zəngəzur dəhlizinin indiyə qədər açılmamasına səbəb İranın sərhədə "leşkər" toplaması yox, regionda güc balansının toqquşması olub. Bakı, Ankara və Moskva dəhlizlə bağlı ortaq mövqedən çıxış edir. İrəvan isə Qərb tərəfdaşlarının, xüsusilə Bayden Administrasiyasının dəstəyi ilə müqavimət göstərirdi. Rusiya Ukrayna müharibəsinə görə prosesə müdaxilə etmir/edə bilmirdi. Bakı və Ankara alternativ variant kimi Qərbdən edilən təklifləri də dəyərləndirirdi. Bu prosesdən kənarda qalan İran yalnız Ermənistan üçün regionda alternativ "qapı" rolunu oynayır. Eyni zamanda, Fransa başda olmaqla Qərbdə dəhlizə qarşı çıxan oyunçularla "paslaşırdı". Bakı, Ankara və İrəvan xəttində müzakirə edilən regional kommunikasiyanın açılması prosesində Moskvanın birbaşa iştirakı arxa plana keçib".
Analitikə görə, İranın son dövrlər Zəngəzur dəhlizi ilə bağlı intensiv açıqlamalarının birinci səbəbi Moskvanı öz cəbhəsinə çəkmək cəhdidir:
"Digər səbəb isə İsraillə 12 günlük müharibədən sonra regionda İranın gücünə olan inamın azalmasıdır. Xüsusilə indiyə qədər Tehranı alternativ “qapı” olaraq görən İrəvan üçün də vəziyyət eynidir. Buna görə İran proseslərə yeganə müdaxilə imkanı olan Ermənistan amilindən məhrum olmaq riski ilə üzləşib. Vilayətinin “qırmızı xətlərdən” bəhs etməsi və “dəhlizin qarşısını biz aldıq” deməsi Ermənistana xatırlatmadır. Tehran mövqelərini Moskva ilə birləşmək xətti üzərindən saxlamaq niyyətindədir. Mövcud şərtlərdə, ABŞ-nin prosesə müdaxiləsi fonunda İranla mövqelərini eyniləşdirmək Rusiyanın “əlini gücləndirsə” də, strateji perspektivlərdə sərfəli görünmür. Lakin əsas risk cari dövrdə Tehran və Moskvanın regiona hansı təhlükələr yarada biləcəyidir. Daha öncə Bakıya qarşı Tehran-Moskva marşrutu üzərindən təhlükələr olub. Vilayətinin “passiv və müşahidəçi siyasət erası”nın bitdiyini elan etməsi də bu kontekstdə xəbərdarlıq hesab oluna bilər".
Politoloq Məhəmməd Əsədullazadə də deyib ki, İran geosiyasi reallıqlara qarşı anti-Azərbaycan siyasətinin davam etdirməkdədir. Analitik vurğulayıb ki, İranda mühafizəkar dairələr bu xətti yürüdür:
"İsrailin hücumunda bunkerlərdə gizlənən mühafizəkar dairələr, yenidən üzə çıxaraq geosiyasi layihəyə qarşı çıxırlar. Rusiyanın dəstəyi ilə İran bu dəhlizə çıxmaq siyasətini ortaya qoyub. Amma Ermənistanla ABŞ arasında razılaşma əldə olunub. Ermənistan Baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib. Paşinyan seçki öncəsi həm Rusiya, həm də İranla manevr edir. Görünən odur ki, Azərbaycan, Ermənistan, Türkiyə və ABŞ arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma mövcuddur. Ehtimal ki, seçkidə Paşinyan qələbə əldə etdikdən sonra dəhlizin açılması mümkün olacaq. İranın prosesə müdaxiləsi isə mümkün görünmür. Zəngəzur dəhlizinin açılması Türkiyənin regionda mövqeyini gücləndirəcək. Həmçinin, Mərkəzi Asiya ölkələri öz siyasətlərində yeni mərhələyə keçəcəklər. Bu, geopolitik layihədir. Rusiya və İranın layihənin reallaşmasına əngəl olmaq üçün birgə çalışması prosesin axarını dəyişə bilməyəcək".