“Bu il ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilmir”.
Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O, cari ildə sülh müqaviləsinin imzalanmayacağı barədə proqnozunu xatırladıb:
“Proseslərin gedişatından asılı olmayaraq proqnozumu dəyişmirəm. İlin əvvəlində 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmayacağını demişdim. Hətta o dönəm fevralda və martda iki ölkə arasında sözügedən müqavilənin imzalanacağı iddia olunurdu. Lakin mən bunun olmayacağı barədə proqnoz vermişdim”.
Astroloq gözləntilərin əksinə olaraq, 2025-ci ilin sonunda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmayacağını proqnozlaşdırıb:
“İlin sonuna doğru belə bir müqavilənin imzalanması gözlənilmir. Həmçinin, Zəngəzur dəhlizinin də əvvəlcədən dediyim kimi cari ildə açılacağını proqnozlaşdırmıram”.
Səbuhi Rəhimli son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik fonunda orada yaşayan soydaşlarımızın ölkəmizə köçünün olacağı barədə iddialara da münasibət bildirib:
“Rusiyadan Azərbaycana belə bir axın gözlənilmir. Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında efirlərdən başqa gərginlik görmürəm. Yəni dövlət səviyyəsində gərginlik yaşanmır. Hansısa rus aparıcıların fikirləri dövlətin mövqeyi deyil. Rusiyadakı təyyarə qəzasına görə Prezident İlham Əliyevin başsağlığı verməsi və Vladimir Putinin 8 avqustda Ağ Evdə keçirilən görüşlə bağlı loyal mövqeyi hər şeyi ortaya qoyur”.