Avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh sazişinin mətni yayıldıqdan sonra Türkiyə-Ermənistan arasındakı sərhədin açılma ehtimalı da müzakirə edilir. Araşdırmaçılar əmindirlər ki, iki ölkə arasında siyasi əlaqələrin qurulması Ermənistanda keçiriləcək yeni parlament seçkilərindən və Konstitusiya dəyişikliyindən sonra mümkün ola bilər. Bu baş verərsə, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir problem qalmır.
Qeyd edək ki, Ermənistanda türk dünyası ilə əlaqələrin düzəldilməsinə tərəfdarlar olanların sayı artır. Türkiyə regionun ən böyük oyunçularından biridir və İrəvanda anlayırlar ki, Ermənistan savaşda məğlub olub və onların xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Ancaq bunun üçün Ermənistan Azərbaycan və Türkiyəyə ərazi iddiasından vaz keçməlidir. Artıq İrəvan belə bir ödəlik götürüb.
Bu gün dünyada Azərbaycana, Gürcüstana, Ermənistana yönəlik siyasətdən daha çox Cənubi Qafqaza yönəlik siyasət müzakirə predmetinə çevrilib. Cənubi Qafqazın tək yolu Türkiyə ilə inteqrasiyadır. Türkiyə Cənubi Qafqazı Rusiyanın caynağından almalıdır. Əlbəttə ki, bu məsələdə Ermənistan daha çox maraqlıdır. Qardaş Türkiyənin bu ölkə ilə sərhədlərini açması İrəvan üçün "xilas kəməri" kimi də dəyərləndirilə bilər. Artıq unudulan "Sürix protokolları" Ermənistan və Türkiyə üçün olduğu kimi Azərbaycan üçün də mənfəətlidir.
İlk növbədə Vaşinqtonun dəstəyi ilə sərhədlər açılarsa, Türkiyə Avropada ona qarşı irəli sürülən mənasız iddialardan birini aradan qaldırmış olacaq. Digər tərəfdən, Ankara Avropa Birliyinə inteqrasiya yolunda əsas şərt kimi Ermənistanla diplomatik münasibətlərin qurulması, soyqırımı iddiası ilə bağlı birgə komissiya yaradılması, Cənubi Qafqazda güc balansını dəyişib Türkiyənin öz təsirini genişləndirməsinə nail ola bilər. Ermənistan indiyə qədər Qarabağ danışıqlarında ona görə güzəştə getmirdi ki, bunun qarşısını Rusiya alırdı, artıq ermənilər məğlub olub və Moskva bölgədən sıxışdırıldı.
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması isə imkan yarada bilər ki, Türkiyə gələcəkdə Ermənistanda nüfuz dairəsi formalaşdırsın, Ermənistan hərbi ritorikadan birdəfəlik əl çəksin. Ermənistan Rusiyanın diktəsilə deyil, daha sərbəst qərar verə bilərsə, bu, ermənilər üçün xilas ola bilər. Digər tərəfdən, bölgədə mühüm oyunçuya çevrilməkdə olan Ankara üçün İrəvanı ram eləmək olduqca vacibdir. Ehtimal etmək olar ki, ilkin mərhələdə Ankara İrəvan ilə ilkin diplomatik əlaqələri bərpa etmək niyyətində olacaq. Sərhədlərin açılması isə sonrakı mərhələyə saxlanılacaq. İqtisadi tənəzzüldə olan Ermənistan buna vadar olacaq.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan gənclərə müraciət edərək Azərbaycanla bağlanmış sülh müqaviləsinin tarixi əhəmiyyətini vurğulayıb. Bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. Simonyan bildirib ki, əldə olunan razılaşma ölkə üçün iqtisadiyyatın gücləndirilməsindən və təhsilin inkişafından tutmuş təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə qədər geniş perspektivlər açır.
"Sizin nəsil davamlı sülhün ən böyük qurucuları və qoruyucusu olacaq. İnanıram ki, birlikdə təhlükəsiz, ədalətli və firavan Ermənistan quracağıq. Burada sizin arzularınız məhdudiyyətlər, qeyri-müəyyənlik və qorxu olmadan həyata keçəcək", deyə Simonyan qeyd edib.
qaynarinfo.az