"Mən ölkəmin "Sarıköynəyi", “Sahilsiz Gecə”nin Zibeydəsi, “Məhv Olmuş Gündəliklər”in Anjeli, Hacı Zeynalabdin Tağıyevin fədakar, amma talehsiz qızı Sarası, “Manqurt”un Nayman anası, “Şükriyyə” tamaşasında sürgünə məhkum olsa da, haqsızlığa boyun əyməyən Zöhrəsi və sadalamaqla bitməyəcək saysız-hesabsız unudulmaz obrazların yaradıcısıyam".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehribn xanlarova sosial şəbəkədə yazıb. Ad günü olan aktrisa həyatından yazıb:
"Heç vaxt unuda bilmədiyim bir xatirəni sizinlə bölüşmək istəyirəm. Uzun illər öncə bir gənc məni təsadüfən yolda görüb göz yaşları içində məni qucaqladı və dedi: “Sizə ömrümün sonuna qədər borcluyam. Çünki sizin "Məhv olmuş gündəliklər" tamaşasında canlandırdığınız Anjel rolunu izlədikdən sonra imtahandan keçdim". Bir sənətkar üçün bundan böyük bir mükafat, ülvi bir sevgi ola bilərmi? Həmin an bir daha anladım ki, əgər bu yolda bir nəfərin belə taleyində iz qoymuşamsa, mənim sənət yolum hədər getməyib...
Mən xarakter olaraq haqsızlığa qarşı susa və göz yuma bilmirəm. Nə şəxsi həyatımda, nə iş yerimdə, nə də ekspert olaraq iştirak etdiyim sosial verilişlərdə şəxsi maraqlarım naminə vicdanıma xəyanət etmişəm... Mənim üçün vətəndaşlıq mövqeyi hər zaman bütün statuslardan üstün olub. Ədalətsizliyə qarşı açıq şəkildə vuruşmuşam... Dünyaya gələndə şöhrətli doğulmuşam. Elə bu səbəbdən, kimin adını çəkirəmsə, həmin insan da şöhrət qazanır. Həyatın ağır sınaqları mənim üçün heç vaxt son olmayıb. Anka quşu kimi küllərimdən yenidən doğuram.
Mənim üçün bu fani dünyanın mənası odur ki, dünyadan köçdüyün zaman xalq səmimi qəlbdən “Allah rəhmət eləsin” desin. Əsl xoşbəxtlik budur. Yoxsa elələri də var ki, adları çəkiləndə, “Allah yanındakılara rəhmət eləsin” deyirlər... Hər zaman özümə tez-tez xatırladıram: Sultan Süleyman vəsiyyət etmişdi ki, bir əlini tabutun kənarına çıxarsınlar. İnsanlar görsünlər ki, dünyanın ən qüdrətli hökmdarı belə bu dünyadan əli boş gedir. Çünki heç kim buradan nə taxtını, nə tacını, nə də malını apara bilmir... Yalnız yaxşı adını və qoyduğu izi aparır.
Yeni yaşımda özümə möhkəm cansağlığı ilə yaşamaq arzulayıram. Və mənə qarşı olan sevginizi qürurla, təşəkkürlə, minnətdarlıqla daşıyıram".