İranın Ali dini rəhbəri Əli Xameneiyə yaxın qurumlar və şəxslər Zəngzur dəhlizinin adının “Tramp yolu”na dəyişdirilməsinə etiraz edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International”ın təhlilində bildirilir.
Nəşr məsələ ilə bağlı İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Yadollah Cavaninin fikirlərinə diqqət çəkir. Yolun adının dəyişdirilməsinə etiraz edən Cavani ABŞ Prezidenti Donald Trampı “qumarbaz” adlandırıb.
Ad dəyişikliyinə etiraz edənlərdən biri də Xameneinin müşaviri Əli Əkbər Vilayəti olub.
Mənbə Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İran arasındakı fikir ayrılığına da yer verir: “Zəngəzur dəhlizi geosiyasi ölçülərindən asılı olmayaraq, hazırda İranla Rusiya arasında münasibətlərdə görünməmiş çağırışa çevrilib”.
Nəşr yazır ki, İranın ali rəhbərinə bağlı “Keyhan” qəzeti Moskvanı passivlikdə ittiham edib və Tehranın bu məsələni Rusiya və ya Rusiyasız həll edəcəyini bildirib:
“İran rəhbərinə bağlı bir qəzetin Rusiyaya qarşı belə bir tonu çox da adi hal deyil.
Qəzet Rusiyaya qarşı misli görünməmiş sərt ton seçib: “Moskva bilməlidir ki, ABŞ və NATO-nun Qafqazdakı planlarına qarşı istənilən zəiflik, gecikmə və ya gözyumma bu ölkəni (Rusiya) istər-istəməz geosiyasi böhrana məruz qoyacaq və onun əhatə dairəsi hətta NATO-nun Ukraynadakı mövcudluğunun nəticələrindən də artıqdır”.
Nəşr xatırladır ki, Zəngəzur dəhlizi Ermənistanın ən cənub əyaləti olan və İranla həmsərhəd Sünik vilayəti vasitəsilə Azərbaycan Respublikasını eksklavı Naxçıvanla birləşdirən quru nəqliyyat marşrutudur:
“Dəhlizin açılması ilə Azərbaycan Ermənistanın keçid məntəqələrindən yoxlamasız Naxçıvana, oradan da Türkiyəyə çıxış əldə edəcək”.