ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ukrayna müharibəsi kontekstində ərazi mövzusunu qaldırmaq niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.
"Tramp çərşənbə günü telefon danışığı zamanı Avropa liderlərinə bildirib ki, bu həftə Alyaskada Putinlə ərazilərin bölüşdürülməsini müzakirə etmək niyyətində deyil", - mənbə deyib.
O əlavə edib ki, Tramp və Avropa liderləri Ukraynada atəşkəsin sülh danışıqlarının başlanmasından əvvəl əldə edilməli olduğu barədə razılığa gəliblər.
Daha iki mənbə isə bildirib ki, Avropa liderləri Trampın Putinlə görüş planlarına müsbət yanaşırlar.
Onlardan biri qeyd edib ki, bu görüşdə atəşkəs Tramp üçün prioritet olacaq. Digəri isə Ukrayna ərazisinin Ukraynanın iştirakı olmadan müzakirə edilməyəcəyinə əminliyini ifadə edib.