Ermənistanda dərslik mövzusu növbəti dəfə gündəmə gəlib. Yerli ekspertlər və azərbaycanşünaslar bildirirlər ki, Azərbaycan dərsliklərində Ermənistanın hazırkı əraziləri tarixi Azərbaycan torpaqları kimi təqdim olunur.
Bu kimi məqamlar iki ölkə arasında davam edən ideoloji qarşıdurmanın təhsildəki əksidir. Məsələ burasındadır ki, Azərbaycan öz tarixi yaddaşına əsaslanan yanaşmanı dərsliklər vasitəsilə yeni nəsillərə ötürür.
Bəs Ermənistan bu reallığın dəyişdirilməsinə çalışa bilərmi? Dərsliklərin dəyişdirilməsi nə qədər realdır və bu, hansı siyasi və ya ictimai şərtlər daxilində mümkündür?
Globalinfo.az-a danışan təhsil eksperti Sona Əliyeva deyib ki, Ermənistan ilk növbədə öz konstitusiyasını dəyişməyə və bunun üçün referendum keçirməyə fokuslanmalıdır.
Onun sözlərinə görə, İrəvanın qarşısına hələ ki ev tapşırığı olaraq məhz konstitusiya məsələsi qoyulub:
“Ermənistan hələ 1991-ci ildən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir və öz konstitusiyasında buna yer ayırıb. Əslində beynəlxalq hüquqa zidd olan amil budur. O ki qaldı dərsliklər məsələsinə, bu, danışıqlar prosesinin mövzusu ola bilməz. Çünki Azərbaycan dərsliklərində Qərbi Azərbaycan torpaqlarının bizim ərazimiz olması faktı tarixi və mədəni kontekstdə verilir. Burada ərazi iddiasından söhbət gedə bilməz. Sadəcə tarixi faktlar əks olunub”.
Sona Əliyeva deyib ki, sülh sazişinə görə gerçək tarixi saxtalaşdırmağı bizdən heç kim tələb edə bilməz:
“Ortada tarixi sənədlər, fotolar və rəsmi məlumatlar var. İrəvanın 1918-ci ildə güzəştə gedilməsi, Qərbi Zəngəzurun Ermənistana sovet Rusiyası tərəfindən verilməsi sadəcə tarixi faktlardır. Bunu necə inkar etmək olar?! Düşünürəm ki, nə Ermənistan, nə də onun hazırkı havadarları Azərbaycana qarşı belə bir şərt tələb irəli sürə bilər”.