“Dünən 88 yaşım tamam oldu. Sağ olsun, bir çox insan mənə zəng edib, doğum günümü təbrik etdi. Sizin vasitənizlə onların hər birinə öz təşəkkürümü bildirirəm. Heç vaxt dəbdəbəli, səs-küylü ad günləri qeyd etməmişəm. Bu mənim təbiətimə yaddır. Elə dünənki ad günümü də ailə içində qeyd etdim. Daha çox evdə vaxt keçirirəm. Ev mənim üçün rahatdır. Oğlum, nəvələrim məni çox nadir hallarda evdən çıxara bilirlər. Yəqin ki, bu da yaşla əlaqədardır”.
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, görkəmli sənətkar Elmira Rəhimova deyib. O daha sonra arzularından söz açıb:
“Deyirlər insanın yaşının üstünə yaş gəldikcə arzuları da çoxalır. Bizim hər birimizin ən böyük arzusu Qarabağımızın düşmən tapdağından azad olunması idi. Bu hər bir azərbaycanlının arzusu idi. Arzumuza da hər birimiz çatmışıq. Şükürlər olsun ki, bu gün ölkəmizdə sülh, əmin-amanlıqdır. Bundan sonra ən böyük arzum qız nəvəm, adımı daşıyan Elmiranın və oğul nəvəm Oqtayın toyunu görməkdir. Bilmirəm, bəlkə də mən o günü görməyəcəm, hərhalda bu mənim ən böyük arzumdur. Onları xoşbəxt görmək istəyirəm. Mən həqiqətən də xoşbəxt insan və sənətkaram. Hər zaman xalqımın, dövlətimin diqqəti, qayğısı üstümdə olub. Bu gün bəzən ötən günləri yada salıram. Artıq bəzi xatirələr yadımdan çıxır. Əsas odur ki, mən bir sənətkar kimi insanların xatirəsində iz buraxmışam. Mənim aləmimdə bundan böyük xoşbəxtlik ola bilməz” deyə sənətkar bildirib.
Qeyd edək ki, dünən xalq artisti Elmira Rəhimovanın 88 yaşı tamam olub. Moderator.az ailəsi olaraq biz də dəyərli sənətkarımızı təbrik edir, ona sağlam ömür arzu edirik.