Sumqayıt şəhərində abadlıq və təmir işləri ilə bağlı tenderlər yekunlaşıb.
"DİA-AZ" xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" 2 tender üzrə qalib şirkətləri elan edib.
Birinci tenderdə "VNM İnşaat" MMC (VÖEN: 1008061671) şəhərdə abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı satınalmanın qalibi olub. Bu tenderin dəyəri 858 743 manat təşkil edir.
Xatırladaq ki, adı çəkilən şirkət 30 iyul tarixində Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin keçirdiyi tenderdə qalib olaraq suvarma sistemlərinin modernləşdirilməsi üçün malların alınması işlərini həyata keçirib. Tenderin ümumi məbləği 971 min 903 manat təşkil edib.
Qeyd edək ki, “VNM İnşaat” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Vüqar Nağıyev Məhəmməd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15 ünvanında yerləşir.
Digər tender isə çoxmənzilli yaşayış binalarının fasad və girişlərinin əsaslı təmiri işlərinə aiddir. Burada qalib şirkət "İS.M.M." MMC (VÖEN: 1400006201) olub. Qalib şirkətlə bağlanan müqavilənin dəyəri isə 636 122 manat təşkil edib.
"İS.M.M." MMC bu il ərzində bir neçə dövlət satınalmasında qalib seçilərək müxtəlif tenderlər udub.
4 iyul tarixində Şabran Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderdə qalib gələrək şəhidlərin məzarüstü xatirə kompleksinin qurulması işlərini həyata keçirmək öhdəliyini üzərinə götürüb. Tenderin dəyəri 22 184 manat təşkil edib.
Daha əvvəl, 6 may tarixində, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən elan olunan açıq tenderdə qalib olub. Bu tender Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri işlərini əhatə edib və müqavilə dəyəri 309 246 manat olub.
Bundan öncə isə, 11 apreldə, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəliyi tərəfindən elan edilən açıq tenderin nəticəsinə əsasən, şirkət Şabran şəhərinin Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Rəsul Rza, Əziz Əliyev, Əlişir Nəvai, Gəray Fəzli və Ceyhun Vasiqov küçələrində cari yol təmiri işlərini icra etmək üçün qalib seçilib. Bu tenderin dəyəri isə 105 947 manat olub.
Qeyd edək ki, “İS.M.M.” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 milyon 897 min 170 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Nadir Xuduyev Bilman oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15 ünvanında yerləşir.
Beləliklə, Sumqayıt şəhərində abadlıq və yaşayış binalarının yenilənməsi istiqamətində ümumilikdə 1,5 milyon manata yaxın vəsait ayrılıb və işlərin icrası müvafiq şirkətlərə həvalə edilib.