Son vaxtlar marketlərdə “Kent” markalı sodalara tələbat artıb. İnsanlar onu detoks məqsədilə içir, sağlamlığa faydalı olduğunu düşünürlər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulun normadan artıq qəbulu orqanizmə fayda deyil, əksinə, ziyan vura bilər.
Mövzuyla bağlı dietoloq Sevil Qəniyeva Bizim.Media-ya bildirdi ki, “soda detoksu” xüsusilə mədə-bağırsaq sistemi, böyrəklər və qan təzyiqi olanlar üçün təhlükəlidir.
O qeyd etdi ki, bəzi hallarda mədə problemlərində, böyrək daşlarının azalmasında, diş daşlarının yaranmasının qarşısını almaqda kömək etsə də yan təsirləri var: uzunmüddətli istifadədə zülal və mineralların mənimsənilməsini zəiflədir, həmçinin həzm prosesini çətinləşdirə və bağırsaqlarda mikrobların artmasına səbəb ola bilər.
“Xüsusilə xroniki xəstəlikləri olanlar daha diqqətli yanaşmalıdırlar. Ürək, qan-damar pozğunluğu, böyrək çatışmazlığı, yüksək qan təzyiqi olanlarda əks təsirlər qaçılmazdır. Artan natrium qəbulu qan təzyiqini yüksəldir, böyrəklərdə əlavə yüklənməyə və ürək-damar sisteminin pozulmasına səbəb olur. Bundan başqa ishal, şişkinlik kimi narahatlıqlara yol aça bilər”.
Xalq arasında “yemək sodası” kimi bilinən natrium bikarbonatın niyə məhz “Kent” markasına gəlincə isə dietoloq bunun sadəcə keyfiyyətlə, eyni zamanda populyarlıqla əlaqədar olduğunu bildirdi:
“Məsələn bir qadın Vatsap qrupunda yazır tərifləyir ki, Kent sodası digərlərindən yaxşıdır, bir həftə içdim filan problemlərimə kömək etdi. Qrupda olan 50 qadından 40-ı marketə qaçıb həmin markadan alıb istifadə edəcək. Onlar da öz ətrafına təriflədikcə məhsulun reklamı gedir və mağazalarda, stoklarda tapmaq olmur. Amma ümumilikdə götürəndə hamısı eyni tərkibdir və qəbul edərkən diqqətli olmaq, orqanizmi tanımaq lazımdır”.