Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə iqtisadiyyatı və enerji sektoru üçün strateji əhəmiyyət kəsb edən TRIPP layihəsinin icra müddətini rəsmən elan edib. Baş nazir 2026-cı ildə layihə üzrə praktiki işlərin – “yerdəki işlərin” başlayacağına əmin olduğunu bildirib.
Paşinyanın hesablamalarına görə, layihə çərçivəsində ən qısa zamanda istismara veriləcək sahə elektrik ötürücü xətləri olacaq. Hökumət başçısı bu nəhəng layihənin həm də genişmiqyaslı məşğulluq imkanları yaradacağını xüsusi vurğulayıb. O, yeni yaradılacaq iş yerlərində məhz Ermənistan vətəndaşlarının çalışacağına ümid etdiyini və şirkətlərin xarici ölkələrdən işçi qüvvəsi cəlb etməsinə ehtiyac qalmayacağını qeyd edib.
Bakıda necə, Paşinyanın bu nikbinliyi bölüşülürmü?
“Paşinyanın TRIPP layihəsi ilə bağlı verdiyi nikbin bəyanatlar İrəvanın iqtisadi və enerji təhlükəsizliyi sahəsində yeni strateji istiqamətlər axtardığını göstərsə də, Bakıda bu açıqlamaların daha çox siyasi ritorika kimi qiymətləndirilməsi ehtimalı yüksəkdir. Çünki regionda həyata keçirilən istənilən iri enerji və infrastruktur təşəbbüsünün real nəticə verməsi təkcə daxili siyasi iradədən deyil, həm də regional sabitlikdən, iqtisadi əsaslandırmadan və qonşu dövlətlərlə münasibətlərin səviyyəsindən birbaşa asılıdır”.
Bu sözləri Musavat.com-a deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda enerji diplomatiyasının əsas təşəbbüskarı və icraçısı kimi çıxış edir. “Bakı neft, qaz, elektrik enerjisi və nəqliyyat-kommunikasiya sahələrində irimiqyaslı layihələri yalnız bəyanat mərhələsində saxlamayıb, onları praktik nəticəyə çevirərək regional əməkdaşlıq modelinə çevirmişdir. Bu baxımdan, Bakıda Ermənistan rəhbərliyinin yeni layihələrlə bağlı vədlərinə emosional deyil, daha çox praqmatik yanaşma mövcuddur", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, Ermənistanın hər hansı böyük layihəni uğurla reallaşdırması üçün ilk növbədə regionda davamlı sülhə töhfə verməsi, qonşularla münasibətləri normallaşdırması və revizionist yanaşmalardan tam imtina etməsi vacibdir: “İrəvanın enerji müstəqilliyi və genişmiqyaslı məşğulluq vədləri daxili auditoriya üçün nikbin mənzərə yaratsa da, bu planların reallaşması Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu regional təhlükəsizlik sistemindən kənarda mümkün görünmür. Bakının bu məsələdəki mövqeyi subyektiv deyil, regionun son illərdə formalaşmış yeni iqtisadi coğrafiyasına əsaslanır. Hər hansı strateji enerji dəhlizinin, o cümlədən Paşinyanın qeyd etdiyi elektrik ötürücü xətlərinin səmərəliliyi bölgədəki bütün kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə birbaşa bağlıdır. Azərbaycanın rəsmi mövqeyi dəfələrlə vurğulayıb ki, Ermənistanın regional layihələrə tam inteqrasiyası yalnız ərazi iddialarından birdəfəlik imtina edilməsi və sülh sazişinin imzalanması ilə mümkündür. İrəvanın Bakı ilə razılaşdırılmamış "yerdəki işlərə" başlamaq anonsu, əslində real iqtisadiyyatdan çox, siyasi manipulyasiya təsiri bağışlayır. Çünki beynəlxalq sərmayədarlar üçün əsas amil layihənin adı deyil, onun keçdiyi coğrafiyanın sabitliyi və tranzit təhlükəsizliyidir ki, bunun da açarı Bakıdadır".
Deputat sözlərinə görə, Ermənistan rəhbərliyinin xarici işçi qüvvəsinə ehtiyac olmayacağı barədə fikirləri də mövcud iqtisadi və demoqrafik mənzərə ilə uzlaşmır. K.Bayramov əlavə edib ki, İrəvan növbəti dəfə şüarlı çıxışlarla deyil, konkret addımlar, etibarlı siyasət və real əməkdaşlıq iradəsi ilə çıxış etsin.









