Şəmkir Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Alim Abbasovdan və İdarənin satış şöbəsinin müdiri Kənan Bayramovdan şikayət var. Redaksiyamıza müraciət edən Şəmkir rayon Seyfəli kənd sakini Nurlanə Rüstəmova iddia edir ki, adları çəkilən vəzifəli şəxslər yerlərdə sudan istifadə edənlər birlikləri (SİB) ilə əlbir surətdə istehlakçıları aldadıb ciblərinə girirlər.
Şikayətçi bildirir ki, bu qanunsuzluq faktını işlətdiyi artezian quyusu üzrə 2025-ci ilin yekununa görə borcunu ödəmək məqsədilə 2026-cı ilin yanvarında 781 AZN pul ödəyərkən aşkarlayıb. Həmin pulu guya əvvəlki iki il üçün qalıq borcun ödənilməsinə yönəldildiyini deyiblər. Bundan sonra bu qədər artıq borcun nədən yarandığını araşdırmağa qərar verib. Bu məqsədlə təxminən yanvar ayının 20-də adlarını çəkdiyi məmurlarla məsələ ilə bağlı mübahisə edib, amma gətirdiyi arqumentlər vəzifəli şəxsləri qane etməyib. Belə ki, onun istifadə etdiyi aqreqat saatda 45 kilovatt elektrik enerjisi sərf etdiyi halda Su Meliorasiya Sistemləri İdarəsi hesabı 32 kvatt/saat-la götürüb. Məsələn, ötən ilin sentyabr ayı ərzində elektrik sayğacı üzrə sərf olunmuş kimi görünən 27493 kilovatt elektrik enerjisini ən sadə üsulla hesablasaq, əvvəlcə 30-a (aydakı günlərin sayına), sonra isə 24-ə (sutkadakı saatların sayına) bölsək, belə çıxır ki, aqreqat gecə-gündüz dayanmadan işləsə belə, saatda 32 deyil, 38 kvatt-dan çox enerji işlətmiş olar. Və ya əksinə də hesablasaq (32 kvatt x 24 x 30 = 23040 kvatt/saat), 4453 kvatt fərq yaranar. Həmin fərqə uyğun su istehlakının qiymətini (hər saat üçün 63 kub-metr) əhalinin cibinə girirlər. SİB-lər Dövlət Su Agentliyindən suyun min kub-metrini 0.50 AZN-ə götürüb, istehlakçıya 3.57 AZN-ə satırlar. Bu 3 manatdan artıq qazanclarının qarşılığında götürdükləri öhdəlikləri (aqreqatların, kabellərin, kranların təmiri və s.) yerinə yetirməyi isə unudurlar.
Şikayətçi bir məsələnin də altını cızır ki, yay aylarında aqreqat sutkada ən çoxu 18 saat işlədilə bilərsə, payız-qış aylarında sutkada 2-3 saat işləməsi yetər. Aydındır ki, soyuq mövsümdə iqlim yağışlı-qarlı olur, olsa-olsa, göyərti üçün az miqdarda suya tələbat yaranar. Daha Amil və Kənan müəllimlərin hesabladıqları kimi deyil.
Sonra gedib Şəmkir Enerji Satışı İdarəsindən son iki ilin ayları üzrə aqreqatın enerji sərfiyyatını çıxarıb. Fakt qarşısında qalan məmurların münasibəti necə olsa yaxşıdır?: “Niyə artezianın sayğacını hamı görməlidir axı?” Hətta martın 26-da nümayəndələri göndərib sayğac qutusunun açarını tələb ediblər ki, qıfılını dəyişsinlər, əhali onların necə cibgirlik etdiklərini görə bilməsin. Lakin sakinlər buna yol verməyib.
Şikayətçi aidiyyəti qurumların diqqətini rayon ərazisindəki bütün artezian quyularının istifadəçilərindən oğurlanan pulların toplam həcminə çəkmək istəyir, həmçinin bildirir ki, yalnız erlektrik enerjisi sərfiyyatı üzrə hesablaşan, lakin suya görə pulu ödənilməyən, qanunsuz fəaliyyətinə göz yumulan qeyri-leqal artezian quyuları da vardır.
Maraqlı tərəflərin mövqeyini dinləməyə hazırıq.
Nyus.Az









