Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vəli Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.1-ci və 5.1-ci maddələri tətbiq edilərərək cəzadan azad olunub. Vəli Ömərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və dərhal məhkəmə iclas zalından azad olub.
İttihama görə, hadisə 03 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən zərərçəkmiş Malik Yusifovun (adı, soyadı şərtidir) məxsus ticarət obyektində baş verib.
İstintaqla müəyyən edilib ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Vəli Ömərov hadisə yerindən götürdüyü dəmir parçası ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən bir dəfə zərbə endirib. Nəticədə Malik Yusifovbaş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası xəsarəti alıb. Ekspertiza rəylərinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər kimi qiymətləndirilib.
Toplanmış sübutlara əsasən, onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Məhkəmə istintaqı zamanı Vəli Ömərov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, hazırda paytaxtın “Montin” qəsəbəsi ərazisində yerləşən müxtəlif ünvanlarda kirayə yaşayır və tikintidə fəhlə kimi çalışıb, həmçinin yüklərin daşınması ilə məşğul olub.
Vəli Ömərovun sözlərinə görə, o, hadisə günü bir neçə gün əvvəl onun barəsində polisə şikayət etmiş Maliklə danışmaq və eyni zamanda nisyə ərzaq almaq məqsədilə həmin şəxsin mağazasına gedib. Bildirib ki, maddi çətinlik səbəbindən 5-10 manatlıq meyvə-tərəvəz məhsullarını nisyə götürmək istəyib. Lakin zərərçəkmiş şəxs buna imtina edərək onu mağazadan qovmağa və təhqir etməyə başlayıb.
Vəli Ömərov ifadəsində deyib ki, bu zaman Malik ona qarşı fiziki zor tətbiq edib, taxta parçası ilə baş və bədən nahiyələrinə zərbələr endirib, hətta onu yerə yıxaraq boğmağa çalışıb. Özünü müdafiə etmək məqsədilə yaxınlıqdan götürdüyü dəmir boru ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə vurduğunu bildirib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə yerinə gələn üçüncü şəxs tərəfləri ayırıb, bundan sonra o, ərazidən uzaqlaşıb. Baş nahiyəsindən qan axdığını bildirən Vəli qardaşı ilə əlaqə saxladığını və sonradan Bakı şəhərindən Astara rayonuna getdiyini qeyd edib. O, baş nahiyəsindəki xəsarəti xəstəxanada deyil, qardaşının köməyi ilə təmizlədiyini, hadisədən 13 gün sonra isə yenidən Bakıya qayıtdığını deyib.
Vəli həmçinin ibtidai istintaq zamanı verdiyi ifadə ilə razı olmadığını və həmin ifadənin ona məxsus olmadığını iddia edib. O, hadisə zamanı Maliki döymədiyini, yalnız özünü müdafiə etdiyini bildirib.









