"Bu barədə yazmaq istəmirdim. Lakin son günlər əlinə mala alıb divarı yamayanlar əsəbimə toxunurlar. Bir neçə ay öncə bacımın qolu bərk əzilmiş idi. Sınması qorxusu ilə Travmatologiya xəstəxanasına gedib. Şiddətli ağrı ilə oturub brinci mərtəbədə və göz yaşları dayanmayıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tarixçi alim Zaur Əliyev qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Orda olan insan deməyə dilim gəlmədiyi nə tibb personalı nə də digər insanlar bunu görə görə biri yaxınlaşıb bir qurtum su belə ona təklif etməyiblər. Yazıq bacım yarım saatdan çox ağrı içində orda qalıb və bir tibb işçisi belə ona yaxın durmayıb.
Dərsdən icazə alıb dərhal ora getdim. Pulu görən hamı başımıza yığışdı..Həkimlər və orda işləyən hər kəs növbəyə düzüldülər. Təsəvvür edin ağır formada gələn xəstə dövlət və insanlıq qanunlarına görə növbəsiz qəbul edilməli olduğu halda pul sayəsində işə düşdü.
Hətta rentgen otağında belə bir neçə personal dərhal toplaşdılar ki, hamısına 20-50 manat arası pul verim. Həkimlərə pul ver, personala pul ver, sarğıya pul ver, sarğıçıya pul ver, xadimlərə pul ver, qapıda durana pul ver.
Təsəvvür edin pulsuz olsaq, nələr olacaq idi. Yazıq bacım saatlarla orda şiddətli ağrılar ilə gözləməli idi ki, hansısa şərəfi olmayan biri ona tibbi yardım göstərsin!!!
Pulnan onların şərəflərini aldım həmin günü.
Sonra deyirsiniz ki, belə, elə. Ay mala vuranlar, şərəfiniz olsun heç olmasa. Əlbəttə, istisnalar hər zaman var, yaxşı həkimlər də var. Lakin bunların sayı azalır..
Ölkənin tibbi bərbad gündədir. Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır. Hətta xadimə belə gəlib balaca süpürgə çəkir ən azı beş manat istəyir. Personal, həkim və rəhbərlikləri nəfəslərini pul ilə alırlar.
Deyəcəksiniz maaş az alırlar. Ölkədə əhalinin böyük əksəriyyəti maaş az alır, bu maaş azlığı imkan vermir ki, şərəf və ləyaqətini bu qədər puldan aşağı hesab edəsən..."









