2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
Bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyinti məhlullarından, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri spirtli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin 2026-cı ilin aprel ayı üçün açıqladığı rəqəmlər sadəcə statistik göstərici deyil, cəmiyyətin daxilində gizlənən və hər an partlamağa hazır olan “saatlı bombaların” xəritəsidir:
“Bir ay ərzində 79 nəfərin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi və onlardan 5-nin həyatını itirməsi məişət vərdişlərimizdən tutmuş, istehlak mədəniyyətimizə qədər bir çox məqamda ciddi boşluqların olduğunu sübut edir. Zəhərlənmələrin strukturuna baxdıqda, dərman preparatlarının yaratdığı fəsadlar vahiməli mənzərə yaradır. Evlərimizdəki dərman qutuları çox vaxt şəfa mənbəyi deyil, nəzarətsiz qaldıqda ölüm saçan bir arsenala çevrilir. Həkim məsləhəti olmadan, qonşu tövsiyəsi ilə qəbul edilən ağrıkəsicilər və ya depressiv anlarda çıxış yolu kimi görülən yüksək dozalı həblər aprel ayında 31 nəfəri ölümün astanasına gətirib. Bu, cəmiyyətimizdə dərman istifadəsi ilə bağlı maarifləndirmənin hələ də bəsit səviyyədə qaldığının acı təzahürüdür. Siyahıdakı ən kəskin məqam isə sirkə turşusu və fosfor üzvi birləşmələr kimi yandırıcı, dağıdıcı maddələrlə bağlıdır. Sirkə turşusu məişətdə adi bir qida qatqısı kimi görünsə də, yanlış əllərdə və ya yanlış qablaşdırmada kimyəvi silaha çevrilir. Aprel ayındakı ölümlərin əsas səbəbi kimi məhz sirkə turşusu və fosfor birləşmələrinin göstərilməsi bu maddələrin orqanizmdə yaratdığı geridönməz dağıntıdan xəbər verir. Onlar daxili orqanları sözün həqiqi mənasında “əridir” və bəzən ən peşəkar toksikoloji müdaxilə belə bu bioloji fəlakətin qarşısında aciz qalır. Zəhərlənmələrin bir hissəsi isə saxta spirtli içki bazarı ilə bağlıdır. Spirtli içki bazarında hələ də mənşəyi məlum olmayan, zirzəmilərdə, antisanitar şəraitdə doldurulan “ölüm şüşələri” ilə doludur! İstehlakçı bilmir ki, o, brend adı altında aldığı şüşədə əslində etil yox, ucuz və qatil metil spirtini evinə aparır”.
“Bu, sadəcə zəhərlənmə deyil, bu, istehlakçının cibinə girib onun canını alan mütəşəkkil bir cinayət zənciridir. Etiketlərin saxtalaşdırılması, aksiz markalarının qeyri-qanuni dövriyyəsi və ən əsası, bəzi ticarət obyektlərinin mənfəət naminə insan həyatını heçə sayması aprel ayında 4 kişinin və 1 qadının həyatına son qoyan o toksik vəziyyəti yaradıb. Bu gün bazarda ucuz qiymətə təklif olunan hər bir “mənşəyi şübhəli” içki əslində kəfən puludur”, - deyə Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, vaxtaşırı olaraq saxta içkiləri istehsal edənlərin ifşa edilməsi də vəziyyəti dəyişmək gücündə deyil:
“Spirtli içkilərin də digər məhsullar kimi yararlılıq müddəti var. Məsələn, araqların yararlılıq müddəti bir ildən artıq deyil və yaxud konyaklar 3 il, şərabların isə 6 aydan artıq yararlılıq müddəti var. Lakin apardığımız monitorinqlərdə şahidi olmuşuq ki, spirtli içkilərin üstündə yararlılıq müddəti yazılmayıb. “Spirtli içki uzun müddət qalanda daha yaxşı olar” anlayışı xüsusi şəraitdə, xüsusi qablarda, temperaturda saxlanılan məhsullara aiddir. Spirtli içkinin yararlılıq müddəti bitdikdən sonra onun tərkibindəki sivuş yağlarının miqdarı getdikcə artır və insanlar da bundan zəhərlənə bilir. Beləliklə, insanların sağlamlığının qorunması üçün bu sahədə daha ciddi işlər görülməlidir. Biznes qurumları üçün elə bir rahat şərait yaradılıb ki, onlara toxunmaq, yoxlamaq olmaz və onlar da bundan istifadə edərək zərərli spirtli içkilər hazırlayırlar”.
İnsanların niyə öldüyü sualına gəldikdə, Eyyub Hüseynov deyib ki, burada həm də tibbi savadsızlıq və zamanın itirilməsi dayanır:
“Zəhərlənən şəxslər çox vaxt ilkin əlamətlərin keçib gedəcəyinə ümid edir. Evdə süd içməklə və ya digər primitiv üsullarla özlərini müalicə etməyə çalışırlar. Lakin toksikologiya saniyələrlə ölçülən bir elmdir. Zəhər qana qarışdıqdan, qaraciyər və böyrəkləri sıradan çıxardıqdan sonra edilən hər bir müdaxilə bəzən sadəcə qaçılmaz sonu bir neçə saat ləngidir. İstehlak etdiyimiz hər bir məhsulun tərkibinə, aldığımız hər bir dərmanın dozasına və məişətdə saxladığımız hər bir kimyəvi maddəyə qarşı maksimum diqqətli olmalıyıq. Unutmayaq ki, saxta məhsullara və ehtiyatsızlığa qurban verilən hər bir can cəmiyyətimizin itkisidir”.









