Ermənistanın xarici siyasət kursu və Avropa Birliyi ilə münasibətləri son dövrlərdə regionda əsas müzakirə mövzularından biridir. Xüsusilə Rusiya ilə gərginlik fonunda bu istiqamətdə atılan addımlar diqqətlə izlənilir.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə bildirib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya ilə bağlı qərarı tamamilə ölkənin özünə məxsusdur və bu seçim yaxın seçkilər kontekstində də formalaşacaq. Bu açıqlama Ermənistanın gələcək siyasi istiqamətinin daxili iradə ilə müəyyənləşə biləcəyini önə çıxarır.
REAL Partiyasının sədri Natiq Cəfərli Sherg.az-a bildirib ki, bu açıqlama Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsinin Aİ-nin hər hansı təzyiq və ya təhrik nəticəsində irəli sürülmədiyini göstərir.
"Bu, Ermənistan dövlətinin və cəmiyyətinin müstəqil seçimi ilə əlaqəli məsələdir.
Çünki Rusiyadan bu istiqamətdə tez-tez ittihamlar, Avropa Birliyinin əleyhinə fikirlər səsləndirilir. Ona görə də belə bir açıqlama, ilk növbədə, bunun Ermənistanın müstəqil seçimi olduğunu vurğulamaqla yanaşı, həm də parlament seçkilərinə eyham edir.
Belə ki, parlament seçkilərində seçim bir tərəfdə müharibə və sülh məsələsidirsə, digər tərəfdə Ermənistan hökumətinin real siyasi seçimini və inteqrasiya etməli olduğu birliyi müəyyənləşdirəcək. Nikol Paşinyana və onun rəhbərlik etdiyi hökumətə səs vermək, sülhə və Avropaya inteqrasiyaya səs vermək demək olacaq".
Siyasətçi qeyd edib ki, Avropaya inteqrasiya xalqın mandat verdiyi növbəti hökumətin, əgər Nikol qalib gələrsə, Nikol Paşinyan hökumətinin mövqelərini gücləndirəcək:
"Çünki istənilən dövlət hakimiyyəti xalqın sifarişini yerinə yetirmək məcburiyyətindədir. Ona görə də parlament seçkilərinə xüsusi vurğu edilir. Çünki bu, sadəcə hökumətin seçimi deyil, həm də parlament seçkilərində xalqın iradəsinin ortaya qoyulmasıdır. Eyni zamanda dolayısı ilə işarə edilir ki, erməni xalqı öz strateji seçimini etməlidir. Erməni xalqı ələcək perspektivdə kimlərlə yan-yana olmaq istədiyini, kimlərin yanında durmaq istədiyini və inteqrasiyanın istiqamətinin hara olduğunu müəyyənləşdirməlidir. Bu baxımdan, verilən açıqlama erməni seçicilərin üzərinə böyük məsuliyyət qoyur".
N.Cəfərli ermənilərin gələcək həyatını və inkişaf perspektivini onların seçiminin, verəcəyi səslərin müəyyənləşdirəcəyini vurğulayıb:
"Bu kontekstdə ermənilər Avropanı da, yaxud yenidən Rusiyanın orbitinə qayıdaraq onun təsir dairəsində qalmağı da seçə bilərlər. Verilən mesaj mahiyyətcə bundan ibarətdir".









