Ölkədə kirayədə yaşayan vətəndaşların sayı kifayət qədərdir.
Bunun əsas səbəblərindən biri vətəndaşların gəlirlərinin aşağı olması və satışda olan evlərin qiymətlərinin yüksəkliyidir.
Kirayədə yaşayan vətəndaşlar bu istiqamətdə layihələrə müraciət etsələr də, mövcud reallıq və tələblər onların evlə təmin olunmasına imkan vermir.
Onu da qeyd edək ki, vətəndaşlar əsasən fərdi evlərdə kirayə qalırlar və ev sahibləri də həmin mənzilləri yüksək qiymətə təqdim edirlər. Bir sıra ölkələr əhalinin ucuz qiymətə kirayə mənzillə təmin edilməsi üçün müxtəlif layihələrlə çıxış edirlər.
Belə ki, məsələn, Türkiyədə həyata keçirilən 500 min sosial mənzil layihəsindən sonra diqqət yeni bir modelə yönəlib. Bu dəfə aztəminatlı vətəndaşlar üçün sosial kirayə mənzil sistemi tətbiq olunacaq. Layihənin ilk addımı İstanbulda atılacaq.
Şəhərin həm Avropa, həm də Anadolu tərəfində ümumilikdə 15 min evin tikilməsi planlaşdırılır. İlk 2000 tamamlanmış evin avqust ayında təhvil verilməsi gözlənilir.
Avqust ayında təhvil veriləcək evlərin birinci mərhələsi üçün müraciət prosesinin iyun ayında elan edilməsi gözlənilir. Müraciətlərdən sonra püşkatma keçiriləcək. Qalib vətəndaşlar TOKİ (Türkiyə Mənzil İnkişafı İdarəsi) ilə kirayə müqaviləsi imzalayacaqlar.
Layihə əsasən aztəminatlı qruplar üçün faydalı olacaq. Dövlət qulluqçuları, təqaüdçülər, əlil şəxslər və evləri yenidən tikiləcək vətəndaşlar üçün xüsusi kvotalar planlaşdırılır. Müəyyən bir müddət İstanbulda yaşamaq və ailə gəliri kimi meyarlar da qiymətləndiriləcək.
Sosial kirayə mənzil sistemindəki digər diqqətəlayiq detal vaxt məhdudiyyətidir. Evlər 3 il müddətinə kirayəyə veriləcək, bu müddətin sonunda boşaldılacaq və yeni faydalanacaq şəxslərə veriləcək. Ev sahibi olmayan və gəliri müəyyən edilmiş limitdən çox olmayan vətəndaşlar müraciət edə biləcəklər.
Kirayə müddəti ərzində idarəetmə, təmir və nəzarət TOKİ tərəfindən həyata keçiriləcək. Kirayə haqqı bazar qiymətinin təxminən yarısı qədər olacaq. Dövlət qulluqçularının əməkhaqqı artımlarına uyğun olaraq artımlar ediləcək. Layihələrin genişlənməsi ilə mənzil təklifi artacaq və kirayə qiymətinin yavaşlaması gözlənilir.
Qeyd edək ki, Azərbaycanda bu istiqamətdə layihə yoxdur. Yalnız satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi mövcuddur. Bu layihəyə əsasən, Azərbaycan vətəndaşlarına, məhkumluğu olmayan, rəsmi gəlirə sahib və müraciət anında yaşı 60-dan çox olmayan şəxslərə 3 ildən 25 ilədək müddətə, aylıq ödənişin ən azı 12 misli qədər ilkin ödəniş etməklə mənzil sahibi olmaq imkanı yaradır.
Müqavilə bağlandıqdan 3 il sonra vətəndaş mənzilin tam dəyərini vaxtından əvvəl ödəməklə mülkiyyət hüququnu əldə edə bilər. Əks halda, ödənişlər 25 il davam etdirilərək mənzil sahibinə çevrilir. Azərbaycanda da kirayə mənzil bazarı, xüsusən də Bakı və ətrafında, eləcə də Sumqayıt və Gəncə kimi şəhərlərdə aktivdir.
2026-cı il etibarilə birotaqlı mənzillər ərazidən asılı olaraq 250-550 manat, üçotaqlı mənzillər isə 600-1200 manat arasında kirayə verilir. 2019-cu ildən ölkədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən icrasına başlanan bu mexanizm vasitəsilə inidiyə qədər 9 305 ailənin mənzil şəraiti yaxşılaşıb.
Göründüyü kimi, bu mənzillər yalnız satmaq öhdəliyi ilə həyata keçirilir. Paytaxtda kirayə evlərin qiyməti isə davamlı olaraq artır. Əgər Azərbaycanda Türkiyədə tətbiq edilən kirayə mənzil mexanizmi tətbiq edilərsə, bu, vətəndaşların ucuz qiymətə kirayə evlə təmin olunmasına imkan verər.
Burada həm mövcud fərdi evlər dövlət tərəfindən alınaraq ucuz qiymətə kirayə verilə bilər, həm də kirayə evlərin tikintisinə başlana bilər. Bu zaman vətəndaşların fərdi ev sahiblərinə ödədiyi kirayə haqqı dövlət hesabına yönələr.
Bu baxımdan, ölkədə bu istiqamətdə yeni layihələrə ehtiyac var. Əks təqdirdə isə həm vətəndaş, həm də dövlət itirəcək.
“Cebheinfo.az”









