Ölkəmizdə mobil operatorların internet xidmətinin baha, keyfiyyətinin isə aşağı olması hazırda müzakirə mövzusu olaraq qalır. Əvvəllər vətəndaşlar 18 manata 40 Mbit/s sürət əldə edə bilirdilərsə, indi 100 Mb/s üçün 25 manat ödəyirlər. Mütəxəssislər hesab edirlər ki, "yüksək sürətlər və yüksək qiymətlər" prinsipi heç bir halda doğru deyil. Çünki Azərbaycanda rəsmi rəqəmlərə görə, əhalinin yarısı kəndlərin payına düşür. Belə olan halda minimal sürətin hər kəs üçün 100Mbit/s edilməsi narazılıq doğurur. Misal üçün Rusiyada saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqı Azərbaycan manatı ilə 2 manat 89 qəpikdir.
Maraqlıdır, əgər hər iki ölkə də interneti kənardan aldığı halda bu qədər qiymətin fərqi nədən yaranır? Nə üçün Azərbaycanda internet xidməti bahadır?
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov Referans-a açıqlamasında bildirib ki, Son zamanlar Azərbaycanda internet tariflərinin dəyişməsi və yeni qiymət modellərinin tətbiqi ictimaiyyətin gündəmində mühüm yer tutur. Vətəndaşlar əvvəllər 18 manata 40 Mbit/s sürət əldə edə bildikləri halda, hazırda bu sürət 100 Mbit/s-ə yüksəldilib və aylıq ödəniş 25 manata çatıb. Bu dəyişiklik bir çoxları tərəfindən qiymət artımı kimi qiymətləndirilsə də, məsələyə daha geniş və strateji baxışla yanaşdıqda burada bəzi əsaslı səbəblərin dayandığı görünür. Əvvəla, dünya üzrə artan rəqəmsal tələbat nəzərə alındıqda, daha yüksək sürətli internet xidmətləri artıq lüks deyil, zərurət halını alıb.
Ekspert onu da bildirib ki, onlayn təhsil, videozənglər, bulud əsaslı texnologiyalar, 4K formatında kontentlərin yayılması və uzaqdan iş imkanları bu sürəti tələb edir. Bu baxımdan, minimal internet sürətinin 100 Mbit/s-ə qaldırılması istifadəçilərin gələcək ehtiyaclarına uyğunlaşmaq üçün atılmış addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu dəyişikliklərin arxasında ölkədə həyata keçirilən infrastruktur yenilənmələri də dayanır deyən müsahibimiz əlavə edib. Fiber-optik (GPON) şəbəkələrin genişləndirilməsi ölkə üçün böyük uğurdur və bu, Azərbaycanın gələcək texnologiyalara uyğunlaşmasını təmin edəcək.
Müsahibimiz həmçinin bildirib ki, xüsusilə pandemiya dövründə aktuallaşan onlayn təhsil və rəqəmsal xidmətlərin inkişafı üçün bu cür şəbəkə infrastrukturunun mövcudluğu mühüm rol oynayır. Qiymətlərin bahalılığı ilə bağlı müqayisələr aparılarkən bəzən fərqli ölkələrdəki bazar şəraiti və maliyyə modelləri nəzərə alınmır. Məsələn, Rusiyada ev internetinin aylıq qiymətinin daha ucuz olması tez-tez misal göstərilsə də, orada bu xidmətlər geniş infrastruktur şəbəkəsi və dövlət subsidiyaları ilə təmin olunur. Azərbaycanda isə əhalinin təxminən yarısı kənd ərazilərində yaşayır və bu regionlara fiber-optik internetin çəkilməsi daha yüksək xərc tələb edir. Bu səbəbdən, qiymət artımı eyni zamanda regional bərabərliyin təmin olunması və rəqəmsal uçurumun aradan qaldırılması üçün atılmış addım kimi dəyərləndirilə bilər. Daha bir mühüm məqam isə internet tariflərinin unifikasiyasıdır. Əvvəllər provayderlər çoxsaylı paketlər təklif etdikləri üçün istifadəçilər köhnə texnologiyalarla çalışan, lakin ucuz olan xidmətlərdən istifadə etməyə üstünlük verirdilər. Hazırda isə bütün ölkədə minimal standartın 100 Mbit/s kimi müəyyən edilməsi xidmət keyfiyyətinin ümumi yüksəldilməsinə və texnoloji bərabərliyin formalaşdırılmasına yönəlib.
"Bütün bunları nəzərə alaraq demək olar ki, internet xidmətlərinin qiymətində baş verən dəyişikliklər yalnız maliyyə artımı deyil, həm də Azərbaycanın texnoloji gələcəyini formalaşdırmaq üçün həyata keçirilən mərhələli və planlı keçidin tərkib hissəsidir. Əhalinin bu keçidə uyğunlaşdırılması üçün təbliğat, maarifləndirmə və sosial dəstək alətləri ilə yanaşı, qiymətlərin şəffaflıq prinsiplərinə uyğun müəyyənləşdirilməsi də vacibdir", - deyə ekspert qeyd edib.