Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə milli bayram – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Putin müraciətində qeyd edib ki, Azərbaycan sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləyir və beynəlxalq arenada artan nüfuza malikdir.
Kreml rəhbəri vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər “dostluq və müttəfiqlik xarakteri daşıyır”. O, “konstruktiv ikitərəfli əməkdaşlığın və beynəlxalq məsələlər üzrə tərəfdaşlığın daha da güclənəcəyinə” əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, “hər iki xalqın maraqlarına cavab verir və Cənubi Qafqazda, Xəzər regionunda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”.
Putin məktubunun sonunda İlham Əliyevə möhkəm cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə sülh və firavanlıq arzulayıb.
Elə həmin gün məlum olub ki, Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının rekonstruksiyası başa çatmaq üzrədir və teatr yaxın vaxtlarda açılacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.
Bundan əvvəl Rusiya Dövlət Dumasının Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, onun ardınca isə Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Bakıya ezam olunmuşdular. KİV-in məlumatına görə, hər iki şəxs Azərbaycan rəhbərliyini 9 may münasibətilə Moskvada keçiriləcək paradda iştirak etməyə razı salmağa çalışıb.
Mayın 28-də Rusiyanın ən iri hava limanlarından biri olan Domodedovoda yerləşən LED paneldə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik nümayiş olunub. Ekranlarda dövlət bayrağı və “28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü” yazısı əks olunub.
Aydındır ki, Rusiya rəhbərliyi müxtəlif yollarla Bakı ilə əvvəllər mövcud olmuş münasibətləri bərpa etməyə çalışır. Həmin münasibətlər, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Azərbaycan sərnişin təyyarəsini vurmasından sonra ciddi şəkildə zədələnib. Lakin bu faciəyə görə Rusiya Prezidenti Vladimir Putin hələ də nə rəsmi üzrxahlıq edib, nə də hadisəyə görə məsuliyyəti boynuna alıb. Azərbaycan rəhbərliyi isə bu mövqedən açıq şəkildə narazıdır. Sual yaranır: Moskva niyə bu qədər israrla Bakı ilə münasibətləri yaxşılaşdırmağa çalışır? Bu, Rusiyaya nə verir? Azərbaycan şimal qonşusu üçün niyə bu qədər vacibdir?
Xarici ekspertlər bu suallarla bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.
Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist, ABŞ-ın Beynəlxalq Demokratik Təşəbbüs İnstitutunun keçmiş əməkdaşı Alek Qriqoryevs bildirib ki, Putin üzr istəmək istəmir – bunu öz ləyaqətindən aşağı, imperiya statusuna zidd sayır.
“Eyni zamanda o, çox şeyə hazırdır. Onun müraciəti artıq müəyyən mənada üzr sayılır. Dərbənddəki Azərbaycan teatrı ilə bağlı da eyni şeyi demək olar. Onun rekonstruksiyasına göstərilən diqqət də bu kontekstdədir.
Rusiya beynəlxalq təcriddədir, bu səbəbdən istənilən liderin, xüsusən də nümayişkaranə şəkildə qonşu ölkələrin rəhbərlərinin cəlb olunması Kreml üçün böyük əhəmiyyət daşıyır. Əgər bu cəlbetmədə az-çox alçaltma hiss olunursa, bu, xüsusilə diqqətəlayiqdir. Və vurulan təyyarə ilə bağlı məsələdə alçaltma niyyəti aydın görünür”, – Qriqoryevs bildirib.
Onun sözlərinə görə, üzrxahlıq olmadan Rusiya ilə barışmaq Azərbaycan üçün alçaldıcıdır. Həm də bu alçaltma nümayişkaranə şəkildə olacaq.
“Azərbaycan Rusiyaya bu psixoloji oyunlardan olmadan da lazımdır. Rusiyanın Cənubi Qafqazdakı ənənəvi müttəfiqi Ermənistan artıq yavaş-yavaş Avropaya yönəlir. Gürcüstan məsafə saxlayır. Azərbaycanla da münasibətlərin pozulması Moskvanı təsir rıçaqlarından məhrum edir. Sanksiyalara məruz qalmış Rusiya üçün alternativ ticarətdə Azərbaycanın əhəmiyyətli rolu var. Xəzər və Mərkəzi Asiyadan Avropaya neft və qazın Rusiyadan yan keçən marşrutu məhz Azərbaycandan keçir. Belə vəziyyətdə Rusiyanın açıq-aydın həqiqəti qəbul etməməsi və vurulan sərnişin təyyarəsinə görə üzr istəməməsi təəccüblüdür”, – latviyalı analitik vurğulayıb.
Rusiyalı siyasi ekspert, hazırda Tbilisidə yaşayan Yeqor Kuroptev isə xatırladıb ki, Azərbaycan regionun ən varlı ölkəsidir, Türkiyənin yaxın müttəfiqidir və enerji daşıyıcılarının, o cümlədən Avropa bazarlarına çıxış imkanlarının əsas oyunçusudur.
“Bundan əlavə, Azərbaycan regionun digər ölkələrinə də təsir imkanına malikdir. Bu səbəbdən Kremlin Bakı ilə normal (Putin rejiminin anlayışında) münasibətlər qurmaq arzusu başadüşüləndir. Bu, vacib qonşu və tərəfdaşdır.
Digər tərəfdən, Bakı ilə Moskva arasında münasibətlər yalnız təyyarə hadisəsindən sonra yox, çox-çox əvvəl pozulmuşdu. Bakıda heç kim Kremlə aldanmırdı, onun Azərbaycan-Ermənistan münaqişəsində hər iki tərəfə silah satmasını, yaxud bağışlamasını, eləcə də Cənubi Qafqaz ölkələrini bir-birinə qarşı yönəltmək üçün apardığı dezinformasiya kampaniyalarını unutmamışdı. 2024-cü ildə Rusiya hərbçilərinin Azərbaycanın ərazisindən çıxarılması Bakının Moskvanın təsirindən tam azad olmasını simvolizə edir. Halbuki həmin rus hərbçiləri hələ də Gürcüstan və Ermənistanda qalırlar” – ekspert qeyd edib.
Kuroptevin fikrincə, Türkiyə kimi müttəfiqi olmayan Ermənistan və Gürcüstan bir çox aspektlərdə Kremlin girovuna çevriliblər. Amma Bakı belə bir girov deyil. Buna görə də Moskva onu yenidən öz təsir dairəsinə qaytarmaq yolları axtarır.
“Azərbaycan ərazi problemləri olmasına baxmayaraq, Türkiyə ilə birlikdə həm Gürcüstanın, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə tanıyır. Bu mövqe Kremli qane etmir. Amma Moskvanın əlində Bakıya təzyiq göstərmək üçün Gürcüstandakı kimi alətlər yoxdur. Güclü dəstəyə (Türkiyəyə) sahib olan Azərbaycan neytral mövqeyini qoruyub saxlamağa çalışacaq, dostların, tərəfdaşların və coğrafi zərurət səbəbindən qonşu olanların arzularına görə deyil, real addımlarına uyğun reaksiya verəcək”, – Yeqor Kuroptev əminliklə bildirib.