Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son zamanlarda Rusiya və Azərbaycan arasında müşahidə olunan gərginliklə bağlı açıqlaması diqqət çəkib. Sabiq prezident bu gərginliyin süni şəkildə artırıldığını iddia edib. O, prosesin arxasında Moskvanın Ermənistanın daxili siyasi sabitliyini pozmaq və baş nazir Nikol Paşinyan hökumətini devirmək niyyətinin dayandığını bildirib.
Saakaşvilinin fikrincə, Kreml bölgədə geosiyasi üstünlüyünü bərpa etmək məqsədilə İrəvanı yenidən təsir dairəsinə qaytarmaq, ölkədə Moskva yönümlü qüvvələri hakimiyyətə gətirmək və bu vasitə ilə Azərbaycana qarşı yeni təzyiq aləti formalaşdırmaq istəyir.
Ekspertlərin sözlərinə görə, Moskvanın bölgədə balansı dəyişməyə yönəlmiş hər hansı addımı təkcə Bakı ilə İrəvan arasındakı prosesə deyil, ümumilikdə regional təhlükəsizlik arxitekturasına ciddi mənfi təsirlərə səbəb ola bilər.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, əslində Mixail Saakaşvilinin fikirləri mövcud reallıqda müəyyən qədər məntiqə uyğundur:
“Həqiqətən, Rusiyanın Ermənistanın indiki hakimiyyətinə olan münasibəti heç kəsə sirr deyil. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Kreml İrəvan iqtidarı vasitəsilə Qərblə qeyri-rəsmi iqtisadi körpü qurmağı bacarıb. Yəni Paşinyan hələlik Rusiya Prezidenti Vladimir Putinə lazımdır. Gələcəkdə belə bir zərurət olmadığı təqdirdə Moskvanın necə bir addım atacağını isə indidən demək çətindir. Bütün hallarda Rusiya ümumi mənada Ermənistanın qərbyönümlü hakimiyyətindən razı deyil.
Rusiyanın İrəvanda hakimiyyət dəyişikliyinə nail olduqdan sonra Bakı ilə arasında gərginliyi yenidən alovlandırmaq istəməsi ehtimalı da yüksəkdir. Son zamanlar Ermənistanda aktivləşən revanşist qüvvələrin timsalında bu qənaətə gəlmək mümkündür. Paşinyan devrilib, yerinə başqa bir revanşist qüvvə hakimiyyətə gələrsə, bu, sülh danışıqlarına təsir edəcək. Rusiya məsələni bilir, ona görə də aktivləşib.
Gürcüstan prezidenti əslində prosesi yaxşı təsvir edib. Amma əsas sual bunun nə vaxt olacağıdır. Yəni Rusiya sadəcə Paşinyana təzyiq edib prosesi bu şəkildə də davam etdirə bilər”.