Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Lamiyə Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Lamiyə Məmmədova 2014-2022-ci illər ərzində müxtəlif şəxsləri aldatmaq və etibardan sui-istifadə etmə yolu ilə onların əmlakını ələ keçirməklə dələduzluq edib. O, özünü hüquq müdafiəçisi kimi təqdim edərək, zərərçəkmiş şəxslərə müxtəlif vədlər verib – kreditlərin ödənilməsini təmin etmək, gecikmiş ödənişləri silmək, məhkəmə və apellyasiya proseslərində onları təmsil etmək, təqaüdlərin bərpası və artırılması və s. Bu yalan vədlərlə Lamiyə zərərçəkmişlərdən hissə-hissə pul alaraq ümumilikdə 204 314 manat maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lamiyə Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs və zərərçəkmiş apellyasiya şikayətləri verib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib.