Bəzi dərsliklər mürəkkəb və başa düşülməsi çətin yazılır, tarixi faktlarla bağlı isə ciddi yanlışlıqlara yol verilir. Orta məktəblərin altıncı sinif coğrafiya dərsliyində yer alan siyasi xəritədə Azərbaycanın sərhədləri ilə bağlı qeyri-dəqiqlik olub. Bu problemlərin fonunda müəlliflər arasında fikir ayrılıqları da açıq şəkildə nəzərə çarpır. Təhsil və dərsliklərə dair ortaq bir məxrəc tapılmaması, həm müəllimlər, həm də şagirdlər üçün əlavə çətinliklər yaradır.
Bəs, niyə dərslik müəllifləri vahid bir istiqamətdə birləşə bilmirlər?
Bizim.Media mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədlinin fikrini öyrənib.
Ekspert bildirib ki, bu məsələ zaman-zaman gündəmə gəlir:
"Təxminən bir neçə il öncə Azərbaycan tarixi dərsliyi ilə bağlı ciddi bir səhv ortaya çıxmışdı. Zamanla artıq dərslik müəllifləri seçilmiş müəyyən mütəxəssislərlə dəyişdirilib. Lakin buna baxmayaraq problem yenə qabarır və çox hallarda ümumi işin ziyanına gətirib çıxarır".
O, qeyd edib ki, son illər təhsil institutunda geniş müzakirələr həyata keçirilir. Dərsliklər çapa getmədən öncə fikirlər, rəylər öyrənilir.
“Vahid bir mövqe əldə olunduqdan sonra artıq dərslik çap olunur. Bəzi maraqlı qüvvələr, adamlar və dövlətlər var ki, Azərbaycan tarixinin, sərhədlərinin saxtalaşdırılmasında maraqlıdırlar və rol oynayırlar. Təəssüflər olsun ki, görünür onlara xidmət edən kimlərsə var”, - deyə o, vurğulayıb.