M.Ə.Rəsulzadənin İrəvanın güzəştə gedilməsindəki rolu, məcburiyyət və “susdurulan” səslər
Sizə təqdim etdiyim arxiv sənədləri, İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasına dair 3 nömrəli protokolu, həmçinin 1 iyun tarixində keçirilmiş iclasda İrəvandan olan deputatların bu qərara etirazları ilə bağlı tərtib olunmuş 4 nömrəli protokolu əhatə edir.
1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə qərar qəbul etmişdir. İclasda sədrlik Həsənbəy Ağayev tərəfindən həyata keçirilmişdir.
İclasın açılışında Fətəli Xan Xoyski Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məqsədilə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Ermənistan Milli Şurası arasında aparılmış danışıqların nəticələri barədə məruzə ilə çıxış etmişdir. Məruzəsinin sonunda o qeyd etmişdir ki, Ermənistan dövləti üçün siyasi mərkəzə ehtiyac vardır və İsgəndəriyyənin Türkiyə ərazisinə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Bu səbəbdən, İrəvanın ermənilərə güzəştə gedilməlidir.
Məsələ səsverməyə çıxarılmış və arxiv protokoluna əsasən, Milli Şuranın 28 üzvündən 16-sı qərarın lehinə, 1-i əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmış, qalan üzvlər isə səsvermədə iştirak etməmişdir. Digər mühüm məqam ondan ibarətdir ki, həmin iclasa İrəvandan olan üzvlər dəvət olunmamış, sonradan iştirak etsələr də, onlara çıxış etmək imkanı verilməmiş, yazılı müraciətləri isə AXC katibliyi tərəfindən “itirilmişdir”.
Hazırda Türkiyə Cümhuriyyəti Osmanlı Arxivində (BOA.HR.SYS, no. 2398/4, v. 12) saxlanılan arxiv sənədinə əsasən, artıq 1918-ci il mayın 23-də M.Ə. Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya geniş məzmunlu müraciət ünvanlamışlar. Bu müraciətin əsas səbəbi, Ənvər Paşa və Osmanlı hökumət başçısı Tələt Paşanın erməni dövlətinin qurulmasına qarşı sərgilədikləri mövqe olmuşdur.
M.Ə. Rəsulzadə və silahdaşları hesab edirdilər ki, əgər ermənilərin öz dövlətləri olmazsa, onlar müstəqil Azərbaycanın daxilində qırğınlar və terror aktları törədə bilər, bu isə etnik barışa ciddi maneə yaradar. Eyni zamanda, gələcəkdə Azərbaycana axın edəcək erməni qaçqınlarının sayını nəzərə alaraq, siyasi idarəetmədə məcburi koalisiya hökuməti qurulması zərurəti ortaya çıxa bilərdi. Bu ehtimalları nəzərə alaraq, onlar Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına dəstək vermişdilər. Onların qənaətinə görə, bu halda ermənilər öz milli məqsədlərinə çatacaq və Azərbaycana qarşı gələcəkdə ərazi iddiaları qaldırmaqdan imtina edəcəklər.
Təklifim ondan ibarətdir ki, AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin.
Kamal Cəfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
pravda.az