Naxçıvan şəhərində quraşdırılan svetaforlar yol hərəkətini tənzimləməkdən çox sürücüləri tələyə salmaq funksiyası həyata keçirir. Yaşıl işığın müddətini göstərən saniyələrin aydın görünməməsi və düzgün işləməməsi qəzalara da səbəb olur. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sürücü məlumat verib.
Onlar bildirirlər ki, saniyələr svetoforun alt hissəsində qurululduğundan və rəqəmlərin çox kiçik olduğundan bir neçə metr aralıdan yaşıl işığın nə zaman sönəcəyini görmək yalnız svetoforun tam yanına çatanda mümkün olur. Bu halda onlar arxadan gələn maşınla toqquşmasın deyə, artıq qırmızı işığı yanan svetofordan keçməli olurlar.
Sürücülərdən Azər Mahmudov deyir ki, bu səbəbdən bir neçə dəfə cərimə ödəməli olub:
“Naxçıvanda avtomobili olan hər kəs bu problemi təsdiq edə bilər. Dəfələrlə cərimə ödəmişəm. Kənardan saniyələri görmək mümkün olmur. Bəzən tələsirsən yaşıl işığın yandığını görüb sürəti azaltmırsan ki, keçəcəyəm. Rəqəmlər sivetaforun tam altına çatanda görünür və görürsən ki, vaxt bitdi. Araxanda avtomobil olanda anidən “tormuz” vermək qəza şəraiti yaradır. Məcbur qalırsan ki, sivetaforu keçəsən. Və bu zaman qəza törətmək risqi ilə bərabər həm də cərmə gəlir, bal yazılır. DYP işçilərinə də irad bildirmişəm. Əhəmiyyət verən yoxdur. Deyirlər ki, hər şey qaydasındadır. Axı, bunlara həm qəza baş verməsi, həm sürücünün cərimələməsi sərf edir.”
Digər sürücü Əfqan Məmmədov isə bildirir ki, bəzən qırmızı və yaşıl işıqlar eyni vaxtda yanır:
“Saniyələrin uzaqdan görünməməsi bir tərəfə, hələ bəzi hallarda tənzimlənmə pozulur. Hər iki tərəfdə ya qırmızı, ya da yaşıl işıq yanır. Qırmızı işıq yananda hər iki tərəf uzun müddət gözləyir. Fəqli istiqamdə yaşıl işığın yanması sürücüləri çaşdırır. Qəza riskini artırır. Bu səbəbdən də tez-tez qəzalar baş verir, sürücülərə cərmə gəlir. Ötən ay saniyələrin uzaqdan görünməməsi səbəbindən qəza baş verməsin deyə qırmızı işığı keçdim. 100 manat cərimə gəlib, 3 bal yazılıb. İndi ehtiyyatla davranıram. Svetafora yaxınlaşanda tam sürət həddini aşağı salıram. Bu zaman da arxadan gələn avtomobillər siqinal verir, işıqlarını yandırıb söndürürlər. Yaxşı olar ki, DYP şəhərdəki svetaforlara yenidən əl gəzdirsin ”
Sürücülər aidiyyəti qurumlara müraciət edərək, şəhərdəki svetaforların vəziyyətinin təkmilləşdirilməsini və yol hərəkətinin təhlükəsizliyinin artırılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"