“Azərbaycanın kifayət qədər enerji resursları var. Onların hesabına büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən, qazın limiti ləğv olunmalıdır”.
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
O bildirib ki, Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib:
“Ölkə başçısı müxtəlif zamanlarda bu və bu kimi məsələlərlə bağlı humanist addımlar atıb. Əhalinin sosial müdafiəsi istiqamətdə belə bir neçə nümunə var. Milli Məclisdə kommunal borcların silinməsi ilə bağlı hansısa təklifin müzakirəsi gündəmə gətirilməyib.
Məncə, Azərbaycanın kifayət qədər enerji resursları var. Büdcəmizin 41 faizi sosial xərclərə yönləndirilib. Xüsusən qazın limiti ləğv olunmalıdır. Bizim kifayət qədər qaz ehtiyatmız var. Əsasən fərdi evlərdə yaşayanlar bundan olduqca əziyyət çəkirlər”.
Deputat Aqil Abbas isə qeyd edib ki, kommunal xidmətlərdən istifadə edən vətəndaşlar ödənişlərini vaxtında etməlidir:
“Belə bir məsələ müzakirə olunmayıb və inanmıram ki, belə bir məsələni Milli Məclis müzakirə etsin. İşıq işlətmisən, qaz işlətmisən, su işlətmisən, pulunu ver də. Yaxşı, deyək ki, borcu sildilər, bəs onda kommunal xidmətləri təmin edən qurumlar necə fəaliyyət göstərəcək? İşini necə quracaq?”
Xatırladaq ki, əhalinin böyük hissəsi kommunal xidmətlərə, xüsusilə qaz və işığa limitlrin qoyulması ilə razılaşmır. Bununla bərabər, kommunal xidmətin bu sahəsində amnistiya elan olunması fikrini səsləndirir.
Prezident İlham Əliyev 29 dekabr 2009-cu il və 8 aprel 2011-ci il tarixli fərmanları ilə əhalinin təbii qaz (327 milyon manat), habelə içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış (294.2 milyon manat) borclarının silinməsinə dair fərmalar imzalayıb.