Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən elan olunan daha bir iri həcmli tender ləğv edilib.
FED.azxəbər verir ki, söhbət “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işləri” üzrə elan edilən tenderdən gedir. Satınalmanın ehtimal olunan dəyəri 10.043.741,00 manat təşkil edirdi.
Müsabiqə 16 may 2025-ci il saat 16:54-də dərc olunmuş, təkliflərin təqdim olunması üçün son tarix isə 7 iyul 2025-ci il saat 11:00 müəyyən edilmişdi. Zərflərin açılışı da həmin tarix və saatda keçirilməli idi.
Lakin satınalma proseduru “Dövlət Satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Həmin maddəyə görə, təklif və təminat təqdim etmiş, həmçinin tələb olunan halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda tender müsabiqəsi keçərli sayılmır.
Beləliklə, Ağdam şəhərinin O-121 məhəlləsində planlaşdırılan tikinti işləri üzrə layihə hazırda dayandırılıb və yeni elan gözlənilir.