Deputatlar Rusiya Federasiyasına daxil olarkən miqrantlardan virusun olmaması haqqında arayış təqdim etmələri üçün məcburi tələbin tətbiqini təklif ediblər.
APA Tass-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri Komitəsinin rəhbəri Yaroslav Nilov "Telegram"da yazıb.
“Rusiyaya pul qazanmaq üçün gələn əcnəbilər öz problemlərini gətirməməli, bizim problemlərimizi həll etməlidirlər”, o qeyd edib.
Nilovun sözlərinə görə, müvafiq qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilir.
Siyasətçi bildirib ki, miqrantlar sərhədi keçərkən etibarlı tibbi sığorta və HİV, hepatit B və C, sifilis və vərəmə yoluxmaması haqqında arayış təqdim etməli olacaqlar.
Onlar həmçinin bədənlərində narkotik və psixotrop maddələrin olmadığını təsdiq edən test nəticələrini təqdim etməlidirlər. Bu sənədlər olmadan onlar Rusiya sərhədindən keçə bilməyəcəklər, - deputat əlavə edib.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov“Sherg.az”a bildirib ki, bu təşəbbüsün qəbul olunması gözləniləndir:
“Artıq aydındır ki, Rusiya hökuməti miqrasiya proseslərinin sərt şəkildə tənzimlənməsində maraqlıdır. Bu kontekstdə miqrantlara qarşı bir sıra məhdudiyyətlərin tətbiq olunması selektiv yanaşma təəssüratı yaradır. Eyni zamanda qeyd edilməlidir ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan miqrantların müəyyən hissəsi əvvəllər əsasən Mərkəzi Asiya respublikaları və Cənubi Qafqaz regionundan gələn şəxslərdən ibarət olub. Lakin son dövrlərdə Rusiyanın şərqi hissəsində Çin mənşəli miqrantların sayında artım müşahidə olunur. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrindən və Cənubi Qafqazdan gələn miqrantlar da hələ də mövcuddur. Xüsusilə azərbaycanlı miqrantların Tümen, Surqut və Vorkuta kimi şəhərlərdə nəzərəçarpacaq səviyyədə məskunlaşdığı ehtimal edilir. Lakin ümumi mənzərədə Çin vətəndaşlarının say etibarilə üstünlük təşkil etdiyi görünür. Bununla belə, Rusiya hökumətinin tətbiq etdiyi miqrasiya siyasəti daha çox Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarından gələn miqrantlara yönəlib. Bu da həmin qrupların say baxımından üstünlük təşkil etməsi ilə izah olunur və tətbiq ediləcək qaydaların ilk növbədə bu kateqoriyaya şamil olunması ehtimalını artırır. Digər tərəfdən, bəzi siyasətçilər və ekspertlər Çindən, Hindistandan və Şimali Koreyadan olan miqrantların əmək bazarında önə çıxmasının vacibliyini vurğulayırlar. Bu yanaşma, ənənəvi miqrant qruplarının sayının azaldılması zərurəti ilə əsaslandırılır”.
Ekspertin sözlərinə görə Dövlət Dumasında irəli sürülən təklifə əsasən, Rusiya ərazisinə səfər etmək istəyən şəxslərin daha ciddi bürokratik prosedurlardan keçməsi nəzərdə tutulur:
“Məsələn, QR kod sisteminin tətbiqi kimi texnoloji nəzarət mexanizmləri təklif olunub. Bu kodun əldə edilməsi üçün 72 saat əvvəl məlumatın təqdim olunması və kodun şəxsə təqdim edilməsi tələb olunur. Lakin bu, Dövlət Sərhəd Xidmətindən keçidin zəmanəti hesab olunmur. Digər hüquq-mühafizə və nəzarət strukturlarının əlavə yoxlamalar aparmaq səlahiyyətində olması bu prosesin daha da mürəkkəbləşməsinə səbəb ola bilər. Eyni zamanda, bu tip prosedurlar miqrantlar üçün əlavə maliyyə və vaxt itkisinə yol aça bilər. Xüsusilə tibbi arayışın alınması ilə bağlı tələb olunan prosedurlar, həm maddi məsrəf, həm də əlavə inzibati yüklə müşayiət olunur. Hətta bu sənədlərin təqdim edilməsi belə, şəxsin ölkəyə girişini tam təmin etmir. Əgər sözügedən təklif qanun layihəsi kimi qəbul olunarsa, gələcəkdə əlavə məhdudlaşdırıcı tələblərin də tətbiqi istisna edilmir. Nəticə etibarilə, bu cür tədbirlər əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiyaya səfər etmək istəyən miqrantların axınının azalmasına, dolayısı ilə bu ölkədə ənənəvi olaraq təmsil olunan miqrant qruplarının sayında azalma tendensiyasına səbəb ola bilər”.