Bu gün dünyada və regionda baş verən hadisələr çox sürətlə dəyişikliyə yol açır və təbii ki, digər dövlətlər kimi Azərbaycan da bu çağırışlara cavab verməyə çalışır...
Bu səbəbdən də gələcəyə hesablanmış, düşünülmüş addımlar atmaq lazım gəlir ki, baş verə biləcək iqtisadi-siyasi, hətta mədəni hadisələrdən mənfəətlə və ya ən azından ziyansız çıxa biləsən.
Bir dövrlər Azərbaycan “Orta dəhliz”in əhəmiyyəti, onun perspektivləri haqqında müzakirələr təşkil edəndə bir çoxlarımız həmin dövrün uzaq gələcəkdə olmadığını, tezliklə bizi haqlayacağını düşünmürdük.
Şimaldan-Cənuba, Şərqdən-Qərbə uzanan qədim karvan yollarının üzərində yerləşən ölkəmiz bu gün eyniadlı dəhlizlərdə söz sahibidir. Təbii ki, söz sahibi olmaq güclü liderin düşünülmüş siyasətinin bəhrəsidir. Məhz atılan məqsədyönlü və ardıcıl addımlar nəticəsində ölkəmizin tranzit əhəmiyyəti artmaqla yanaşı, daşınan yüklərin həcmində də özünü göstərdi. Bir faktı demək lazımdır ki, məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın tranzit yüklərin daşınması sahəsində aparıcı qurumu olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) iki il öncə ilk dəfə zərərdən mənfəətə keçdi. ADY-nin bu uğuru həm də sərnişindaşıma sahəsində də nailiyyətlərə gətirib çıxardı. Yeni vaqonlar alındı, regionlara yeni qatar reysləri açıldı, Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların sayı artırıldı və nəticədə gündəlik daşınan sərnişinlərin ayı 35 mini, illik isə 8 milyonu ötdü.
Təbii ki, hər bir uğurun özü qədər onun təbliği və təşviqi də mühüm əhəmiyyət kəsb edir. Bir sözlə PR çox əhəmiyyətlidir. Düzgün PR strategiyanın qurulması, qazanılan nailiyyətlərin təkcə Azərbaycan dilli auditoriyaya deyil, regionda olan yaxud dəhlizlərdə təmsil olunan ölkələrin öz dillərində çatdırılmasına vacibdir.
Bəs bu gün ADY bunu edirmi? Təəssüf ki, xeyr! Bir vətəndaş və jurnalist olaraq mən niyə “Orta dəhliz”lə bağlı mühüm yeniliyi qonşu ölkələrin aidiyyatı qurumlarının rəsmi məlumatlarından yaxud telegram kanallarından əldə etməliyəm?
Rusiya, Gürcüstan, Qazaxıstan, Türkiyə dəmir yollarının mətbuat katiblərinin linkedin profilinə baxdıqda həqiqətən həmin şəxslərin bir neçə xarici dil biliyi, dəmiryolu nəqliyyatı sahəsinə mükəmməl bələd olmaları, beynəlxalq forum və konfranslarda, o cümlədən regional brifinqlərdə məharətli sözçü olmaları özünü təsdiqləyir. Bu insanlarla illərlə liderlik, stateji vizion və əlaqəli sahələrdə çalışaraq zəngin yol keçmiş mütəxəssislərdir. Gəlin baxaq Azərbaycan dəmir yollarının sözçü qismində hazırda bu müstəvidə regional kolleqaları səviyyəsində sözçüsü varmı? “Qatarın qarşısına avtomobil çıxdı”, “əlavə reys sayı təyin olundu”, “bayram günlərinin qrafiki sərnişinləri sevindirəcək” kimi xəbərlərlə bu cür strateji qurumu təmsil etmək, sadəcə, rəzalətdir. Onlar ənənəvi açıqlamaları ilə işlərini bitmiş hesab edirlər: Filan hadisə ilə bağlı qatar gecikdi, filan bayram günlərində rayonlara qatar sayı artırıldı, avtomobil qatar yoluna çıxdı qəza baş verdi və s. Bu cür nəhəng qurum hansısa korrektorların ümidinə qalmamalıdır. Özünü dəmir yolları sahəsində sınamaq istəyən təbliğat işinin peşəkarları kifayət qədərdir. Bəziləri hətta göndərilən CV-lərin ADY-yə deyil, “Bermud üçbucağı”na göndərildiyini düşünür. Niyə? Çünki aylar keçsə də geridönüş olmur. Görünür ki, qurumun daxilində hansısa maraqlı qüvvələr şəffaf rəqabətə davam gətirə bilməyəcəklərini düşünərək nələrsə edir.
Aybəniz İsmayılovanın “Bermud üçbucağı”nda yer alan şəxslər qurumu məhz bu cür primitiv səviyyədə təmsil edir.
Həm ADY-nin, həm də bir neçə ay öncə bu quruma birləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin PR xidmətində layiqli kadrlar var. Hesab edirəm ki, ADY rəhbərliyinin “bp Azərbaycan” şirkətində çalışmış Turxan Əhmədovu Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə gətirilməsi müsbət haldır. Beynəlxalq təcrübə görmüş yenilikçi və islahatçı bir insanın burada qayda-qanun yarada biləcəyinə əmin olmaq olar. Qurumun kommunikasiya siyasətinə cavabdeh olaraq Turxan Əhmədov komandasına da yeni kadrların seçimi prosesində diqqətli olmalı, beynəlxalq mütərəqqi təcrübəyə malik kadrları cəlb etməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Aybəniz İsmayılovanın başqa bir layiqli davamçısı Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Amma alınmadı.
Eyni zamanda yazını yazmaqda əsas məqsədimiz bu gün dəmiryolu daşımaları sahəsində atılan uğurlu addımlara işıq salmaq, bu uğurların daha da genişlənməsi üçün ADY-də işinin öhdəsindən gələ bilməyən şəxslərin mümkün qədər islah olmasına nail olmaqdır.
Poliqon.info