Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bir çox vacib məsələlərlə yanaşı AZAL-a məxsus təyyarənin vurulmasından da danışıb.
Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiyanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürəcəyini və bu işdə ədalətin təmin olunmasını gözləyir.
Moskvanın məsuliyyət götürməsini beynəlxalq hüquq və diplomatik münasibətlər baxımından nə qədər real görünür?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan və Rusiya arasında təyyarə məsələsi artıq aylardır gündəmdədir:
“Bu mövzu rəsmi Bakını ciddi şəkildə narahat edir. Görünən odur ki, Azərbaycan və Rusiyanın bir-birilərinə ünvanlayacağı suallar var. Bu sualların cavabını tapmaq üçün tərəflərin bir araya gəlməsi və müzakirələr aparması lazımdır.
Prezidentin köməkçisi Hikmət Hacıyev tamamilə haqlı şəkildə Bakının gözləntilərini ifadə edib. Faktiki olaraq təyyarə vurulub, lakin Rusiyada heç kim istintaqa cəlb edilməyib. Ümumilikdə hadisənin təfərrüatları ilə bağlı Azərbaycan və rusiyalı nümayəndələr arasında danışıq olmayıb. Kreml bu məsələdə çox məsuliyyətsiz hərəkət edir.
Rusiya Azərbaycanın ən böyük qonşusudur. Bakı regionda yeni reallıqlar yaradıb və bunu hər kəs, o cümlədən Moskva da qəbul etməlidir. Azərbaycan qeyri-adi heç nə istəmir, regionda sülh və əmin-amanlığın tərəfdarıdır. Hesab edirəm ki, Rusiya da bunu anlamalı və Bakı ilə dialoq qurmalıdır”.