İslam dinində kredit anlayışı xüsusilə faiz üzərində qurulursa, bu, açıq şəkildə haram sayılır. Ancaq buna baxmayaraq, ölkəmizdə “İran İslam Bankı” kimi qurumların fəaliyyət göstərməsi və özlərini “faizsiz bankçılıq prinsiplərinə əsaslanan” institut kimi təqdim etməsi bir sıra suallar doğurur.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda faiz (sələm) ən böyük günahlardan biri hesab olunur:
“Sələmçilik ən ağır günahlardandır. Bu gün yüksək faizlə insanlara kredit verilməsi əslində açıq istismar və soyğunçuluqdur. İran bankları da faizə əsaslanır, sadəcə bunu dolayı yollarla edirlər. Guya faizsiz sistem kimi göstərsələr də, mahiyyət eyni qalır. Bu, nə İslam bankçılığıdır, nə də insanlara xidmət edən bir mexanizmdir”, - deyə o, bildirib.
İlahiyyatçının sözlərinə görə, bəzi ölkələrdə fəaliyyət göstərən belə banklar əhalinin dini həssaslığından istifadə edərək “İslam bankçılığı” görüntüsü yaratmağa çalışır:
“Təəssüf ki, İslama uyğun maliyyə sistemi yarada bilməyiblər. Kreditlər eyni qaydada, sadəcə fərqli adlarla təqdim olunur. Bu isə təhlükəli və zərərli bir ideologiyanın formalaşmasına səbəb ola bilər. İslam hüququna görə borc almaq və vermək mümkündür, lakin burada heç bir faiz olmamalıdır”, - deyə o, qeyd edib.
Tural İrfan əlavə edib ki, İslam dini sosial ədaləti qorumağa üstünlük verir və faizli kreditlər bu nizamı pozur:
“Sələmçilik sosial təbəqələşməyə, istismara səbəb olur, insanları borc girdabına salaraq onları maddi əsarətə alır. Dinimiz borc almağı və verməyi təşviq edir, lakin bu, mənfəət güdmədən, yardımlaşma məqsədilə edilməlidir. Əgər borc verilən pula faiz şərti qoyulursa, bu, açıq sələmdir”.
İlahiyyatçıya görə, yalnız son çarə olaraq, çıxış yolu qalmadığı hallarda faizli kreditə müraciət etmək dini baxımdan bəzi istisnalara daxil edilə bilər:
“Əgər bir insan əlacsız vəziyyətdədirsə və başqa çıxış yolu yoxdursa, bu zaman şəriətdə bəzən haram olan şeylər zərurət halında müvəqqəti olaraq caiz sayılır. Amma bu istisna halı bütün sistemi haqq qazandıra bilməz”.
Tural İrfan hesab edir ki, əgər belə banklar doğrudan da əhalinin rifahına xidmət etməyi qarşıya məqsəd qoysaydı, fəaliyyətlərini İslamın prinsip və dəyərlərinə uyğun şəkildə qurardılar.