Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protest verilib.
"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kuçer Konstantin vəkili Elşad Əliyev çıxış edib.
Vəkil çıxışında apellyasiya şikayətlərinin təmin edilməsini və müvəkkili barəsində bəraət çıxarılmasını tələb edib.
Vəkil qeyd edib ki, ittiham əsassızdır və uydurmadır:
"Həmçinin ibtidai istintaqı araşdıran müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edirik".
Təqsirləndirilən Kuçer Konstantin də vəkili ilə razı olduğunu, barəsində bəraət verilməsini istəyib.
Oleq Bakinskinin vəkil Xeyrənsə Babayeva da çıxış edib. O bildirib ki, müvəkkilinə verilə cəza ilə razı deyil. Vəkili Oleq Bakinskinin barəsində verilməsin istəyib.
Oleq Bakinski isə çıxışında deyib ki, bu işdə onun şərləyiblər. Üzərinə böhtan atıldığını deyən təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə prosesi sentyabrın 18-də davam edəcək.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Konstantin Kuçerə isə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib.
Dövlət ittihamçısı isə çıxışında Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib. Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.