Ermənistanın baş naziri Nikol Paşinyan əminliklə bəyan edib ki, heç nəyə baxmayaraq, Ermənistanla Azərbaycan arasında yeni müharibə baş verməyəcək. “Xanımlar və cənablar, mən inanıram ki, bütün fikir ayrılıqlarına, təxribatlara və s. baxmayaraq, Ermənistanla Azərbaycan arasında heç bir müharibə olmayacaq. Sülh olacaq və bu, mənə son dərəcə aydın görünür”, – deyə o, “İrəvan dialoqu” adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan sülh gündəminə sadiqdir.
“Biz Azərbaycanla sülh sazişinin və regionumuzdakı xalqların taleyini köklü şəkildə dəyişəcək digər sənədlərin imzalanması ilə bağlı məsləhətləşmələri davam etdirməyə hazırıq”, – o vurğulayıb. – “Biz öz tərəfimizdən mümkün olan hər şeyi edəcəyik”.
Bundan əlavə, baş nazir bəyan edib ki, əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini qəbul etməzsə, o, şəxsən ölkənin əsas qanununda dəyişikliklər təşəbbüsü ilə çıxış edəcək.
“Biz bu sazişi Konstitusiya Məhkəməsinə təqdim etməliyik. Burada seçim yoxdur… Əgər Məhkəmə qərar versə ki, saziş Ermənistan qanunlarına uyğun deyil, mən Konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edəcəyəm. Çünki hesab edirəm: sülh imkanı əldən buraxıla bilməz”, – Paşinyan forumda çıxışı zamanı bildirib.
Beləliklə, Ermənistan rəhbərliyi yenidən Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan edir. Bəs Bakı necə reaksiya verir? Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Paşinyanın açıqlamaları səmimi deyil. Bu situasiya ilk dəfə təkrar olunmur. Bəs bu inamsızlıq divarını necə aşmaq və sülhə doğru necə real addımlar atmaq olar? Axı bir qədər əvvəl Tiranda İlham Əliyev və Nikol Paşinyan sülh sazişi ilə bağlı danışıqları davam etdirməyə hazır olduqlarını ifadə etmişdilər.
Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev yaranmış vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
O, ilk növbədə qeyd edib ki, Paşinyan son dövrlərdə bu cür bəyanatları dəfələrlə səsləndirib.
“O, sülh sazişinin mətni razılaşdırılandan sonra tez-tez bəyan edir ki, istənilən an – bu gün, sabah – həmin sənədi imzalamağa hazırdır. Amma məlum olduğu kimi, Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür.
Bütün bunlar ona görə baş verir ki, aramızda dərin inamsızlıq var. Bu inamsızlıq isə onunla bağlıdır ki, biz uzun illər bir dövlətin tərkibində – Sovet İttifaqında yaşamışıq və onun dağılmasından sonra elə bir vəziyyətlə üzləşmişik ki, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilib, milyonlarla insanın həyatı alt-üst olub. Mən özüm də qaçqınam. Hələ də doğma torpağıma qayıdıb evimi tikə bilmirəm. Müharibədən 5 ilə yaxın vaxt keçib, amma biz hələ də qaçqınıq. Niyə? Çünki hər şey viran edilib, dağıdılıb – biz bunları yaşamışıq. Bu səbəbdən də inam yoxdur. Bu hissi prezidentimiz də yaşayıb. O, Ermənistanın bütün keçmiş rəhbərləri ilə, o cümlədən Paşinyanla danışıqlar aparıb. Təsəvvür edin, bu adam danışıqlar zamanı hansı sarsıdıcı anları yaşayıb. Qarşı tərəfin hansı şərtləri, hansı tələbləri irəli sürdüyünü yaxşı bilir. Bunu prezident İlham Əliyev bilir. Mən isə uzun illər məhz bu məsələ üzrə xaricdə çalışmış bir insan olaraq, bütün bu reallığı öz gözlərimlə görmüşəm.
Onların mövqeyi daim qəti və barışmaz olub – “bir qarış torpaq da qaytarmarıq”. Onlar hər şeyi dağıdıb, yüz minlərlə qaçqının taleyinə mərhəmət göstərməyiblər. Onlar Azərbaycanın maraqları və mövqeyini tamamilə rədd ediblər. Onlar yalnız öz maraqlarını, öz ehtiyaclarını və öz mövqelərini önə çəkiblər. Və bizim rəhbərlik bunların hamısını yaxşı xatırlayır. Buna görə də inamsızlıq var.
Bəli, başa düşürəm ki, Paşinyanın da öz həqiqəti var. O deyir ki, artıq beş əsas prinsip razılaşdırılıb. Bu prinsiplər Ermənistanla Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları irəli sürməyəcəyini təsdiqləyir. Bəli, bu sənəddə əks olunub. Amma… keçmişin təcrübəsi də var. Buna görə də, Azərbaycan tərəfi əlavə şərtlər qoyur. Mən bütün bunları yaşamış bir insan kimi deyirəm ki, bu, düzgün mövqedir. Niyə? İzah edim”, –analitik bəyan edib.
Hər kəs yaxşı bilir ki, şərtləri həmişə qalib tərəf irəli sürür, o fikrini davam etdirir.
“Bəli, müharibəni ilk olaraq Moskva dayandırdı və biz 2020-ci il 9 noyabr tarixində həmin üçtərəfli bəyanatı imzaladıq. Amma müharibənin də öz qaydaları var. Azərbaycan isə bu savaşda fərqli planlara malik idi. Biz də digər müharibələrdə olduğu kimi irəliləyir, öz torpaqlarımızı azad edirdik. Nəticədə, Ermənistan tərəfinin – istər siyasi, istərsə də hərbi rəhbərliyinin – kapitulyasiya sənədinə imza atması vacib idi. Bu gün müzakirə olunan bütün bəndlər həmin sənəddə yer almalı idi – istər Ermənistan ordusu, istərsə də onların Konstitusiyası ilə bağlı. İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya məğlub tərəf olaraq qaliblərin şərtlərini qəbul etdiyi kimi, bu dəfə də belə olmalı idi. Amma Rusiya müharibəni dayandırdığına görə Azərbaycan tərəfi bəzi güzəştlərə getdi. Və indi görürük ki, məsələn, həmin üçtərəfli bəyanatda yer alan Zəngəzur dəhlizi ilə bağlı maddə hələ də icra olunmayıb. Əgər müharibə sona qədər davam etsəydi, bu baş verməzdi.
Bu gün isə Azərbaycan tərəfi tarixi təcrübəyə əsaslanaraq Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi bütövlüyü ilə bağlı şübhə doğuran heç bir məqam qalmamasını tələb etməkdə haqlıdır. Bu məsələ birdəfəlik həllini tapmalıdır.
Burada məsələ Paşinyanın şəxsiyyəti ilə bağlı deyil. Bəli, onun sülh gündəliyi var, bunu açıq şəkildə həm ölkə daxilində, həm də beynəlxalq arenada bəyan edir. Mən ona inanırammı, ya yox – bu başqa məsələdir. Amma ardıcıl çıxışları göstərir ki, o, həqiqətən sülh istəyir. Əgər bu prosesi sona qədər apara bilsə, o, Ermənistanın Adenaueri ola bilər – Konrad Adenauerin vaxtilə Almaniya üçün olduğu kimi. Çünki Paşinyan Ermənistanda və erməni ictimaiyyətində illərlə hökm sürən mifləri – tarixlə, hadisələrlə, ermənilərin guya istisnalığı və məğlubedilməz ordusu ilə bağlı mifləri – açıq şəkildə danışıqlar apararaq dağıtdı. Mən deyərdim ki, o, artıq yarımmüstəqil bir ölkə formalaşdırıb – orada demokratik proseslər gedir, insanlar söz azadlığından istifadə edir və siyasi məhdudiyyət hiss etmirlər.
Digər tərəfdən, Ermənistan xalqı da Paşinyanın sülh gündəliyini dəstəkləyir – əks halda seçkilərdə ona səs verməzdilər. Ermənistan cəmiyyəti müharibə istəmir. Paşinyan vaxtaşırı bizim prezidentlə görüşür. Azərbaycan tərəfinin Ermənistanla yeni müharibə başlatmaq niyyəti yoxdur. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası da yoxdur. Amma biz istəyirik ki, Ermənistan Konstitusiyasında, milli təhlükəsizlik və hərbi doktrinalarında dəyişiklik edilsin – xüsusilə də orada “Dağlıq Qarabağın müstəqilliyinin təminatçısı” olduğuna dair bəndlər və ərazi iddiaları yer almasın.
Yenə deyirəm – məsələ Paşinyanın şəxsi mövqeyi ilə bağlı deyil. Ermənistanda revanşist qüvvələr var və sabah onlar hakimiyyətə gəlsələr, xarici güclərin dəstəyi ilə Azərbaycana qarşı köhnə iddiaları yenidən gündəmə gətirib, böhtan dolu kampaniyalar apara bilərlər.
Əgər Paşinyan doğrudan da sülh istəyirsə, bu yolda bütün maneələri aradan qaldırmalıdır. Qarşı tərəfdə narahatlıq varsa, o, bunları nəzərə almalıdır. Və əlbəttə ki, bütün bu məsələlər müzakirə olunmalıdır. Aydındır ki, Konstitusiyanı bir anda dəyişmək mümkün deyil – bu da zaman və ikitərəfli məsləhətləşmələr tələb edir. Mənə elə gəlir ki, əgər biz bu məsələləri Ermənistanla birlikdə həll etsək, gələcəkdə münaqişə üçün heç bir əsas qalmayacaq”, – Elxan Mehdiyev yekunlaşdırıb.