“Xaçmaz Aqropark” MMC (VÖEN - 1405752781) fəaliyyətinə xitam verərək “Yalama Aqropark” MMC-yə (VÖEN - 1303419081) qoşulub. Nəticədə “Yalama Aqropark” MMC yenidən təşkil olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində dərc olunub.
Məlumat üçün bildirək ki, adıçəkilən hər iki MMC-nin qanuni təmsilçisi Mailov Rauf Afik oğludur. Ləğv edilən “Xaçmaz Aqropark” MMC-nin hüquqi ünvanı Xaçmaz rayonunun Sayad kəndində yerləşir. Şirkətin nizamnamə kapitalı 3 milyon 504 min 814 manat təşkil edir.
Yenidən təşkil olunan “Yalama Aqropark” MMC-nin hüquqi ünvanı isə Xaçmaz rayonunun Yalama kəndindədir. Bu şirkətin nizamnamə kapitalı 27 milyon 193 min 185 manatdır.
Qeyd edək ki, “Yalama Aqropark”ın rəsmi saytında verilən məlumata əsasən, şirkət ölkənin aparıcı şirkətlərindən biri olan “Agro Food Investments” MMC-nin (VÖEN - 1404315581) tərkibində fəaliyyət göstərir.
“Agro Food Investments” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq” ilə eyni ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşən “Agro Food İnvestments” MMC-yə daha əvvəl kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik edib.
Bundan əlavə, Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida şirkətlər qrupundan biri olan “Agro Dairy”nin rəsmi saytında qeyd olunur ki, həm “Xaçmaz Aqropark”, həm də “Yalama Aqropark” bu qrupun tərkibində fəaliyyət göstərib.