Görkəmli rəssam Vəcihə Səmədovanın rəsmləri adı altında başqa rəssama məxsus olduğu güman edilən əsərə sertifikat verilib.
Bu barədə Vəcihə Səmədovanın nəvəsi, rəssam Aqşin Mirfeyzullayev Bizim.Media-ya şikayətlənib. Onun sözlərinə görə, Milli İncəsənət Muzeyinin komissiyası rəsm əsərini araşdırmadan sertifikat verib.
“Rəsmi 10 yaşında çəkib?”
“Rəsmə baxan kimi onun Vəcihə Səmədovaya aid olmadığını anladım. Amma hər ehtimala qarşı bibimə də göstərdim ki, o daha dəqiq məlumat versin. Əsəri sertifikatdan keçirən adamla şəxsən görüşdüm. Eldar Səmimi adlı həmin adam iddia edir ki, bu, rəssamın bacısının portretidir. Amma nənəm bacısının portretini tamamilə başqa üslubda işləyib. Ümumiyyətlə V.Səmədovanın tərzi, istifadə etdiyi boyalar tamamən başqadır.
Adam israr edir ki, bu rəsm Vəcihə xanımın cavanlığında çəkilib. Nənəm 41 yaşında dünyasını dəyişib, 11 il təhsil alıb. Cavanlığından da əsərləri məşhurdur. Belə çıxır ki, bu rəsmi 10 yaşında çəkib?”
Milli İncəsənət Muzeyi saxta əsərə sertifikat verib?
A.Mirfeyzullayev xatırladıb ki, Milli İncəsənət Muzeyinin rəhbəri Vəcihə Səmədova haqqında kitab yazıb və o kitabda təqdim olunan rəsmlərdə də həmin əsər yoxdu. Muzeydən bildirilib ki, son aylarda Vəcihə Səmədovanın rəsmlərinə sertifikat verilməsi ilə bağlı hər hansı müraciət daxil olmayıb. Halbuki sertifikatda rəhbərliyin imzası var.
A.Mirfeyzullayev bildirir ki, həmin portretin əsl müəllifi bəlli deyil, sadəcə Baba Əliyev adlı rəssam olduğu təxmin edilir:
“Amma əsərin özü saxta deyil, illər öncə çəkilmiş rəsmdir. Adətən Səttar Bəhlulzadə və Vəcihə Səmədovanın rəsmləri çox baha olduğu üçün hardansa bənzərini tapıb onların adlarıyla qeydiyyatdan keçirirlər. Bu Eldar adlı şəxsin işi-peşəsi budur”.
Dələduzluğa görə də həbs edilibmiş...
Qeyd edək ki, Eldar Səmimi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilmiş, 2020-ci ildə azadlığa çıxmışdı.
Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoymuşdu. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret olub. A.Mirfeyzullayev sertifikat almış bu rəsmin həmin portret olduğunu ehtimal edir.
Məhkəməyə müraciət olunacaq...
Müsahibimiz sertifikatla bağlı məsələ araşdırıldıqdan sonra məhkəməyə müraciət olunacağını da bildirib:
“Həmçinin sertifikatı vermiş komissiyadan tələb edirik ki, bu məsələ ciddi araşdırılsın, Vəcihə Səmədovanın üslubu, özünəməxsus texnikası, rəsmlərdəki emosianallığı ilə bağlı rəy versin. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Xatırladaq ki, illər öncə də Vəcihə Səmədovanın adıyla saxtakarlıq olunmuşdu. Həmin vaxt rəssamın əsərinin üzü köçürülmüşdü.
Məsələ ilə bağlı Milli İncəsənət Muzeyinə sorğu göndərilib.
Rəsmi qurumun mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq...