Rusiya Xarici İşlər Nazirliyi (XİN) sifarişi ilə Azərbaycanda rus dilinin təbliği vəziyyətinin qiymətləndirilməsi aparılacaq.
Musavat.com Vedomosti-yə istinadən xəbər verir ki, prosesi həyata keçirəcək mərkəzin seçimi üzrə tenderin qalibi Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) olub. İşin dəyəri 34,8 milyon rubldur.
VTsİOM-un baş direktoru Valeri Fedorov Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsinin burada araşdırma aparmaq planlarına hər hansı təsirinin olub-olmaması ilə bağlı suala belə cavab verdi: “Eskalasiyalar gəlir və gedir... Tədqiqatın özü hələ başlamayıb, biz təzəcə tenderdə qalib gəlmişik, hələ ki, müqavilə ilə bağlı danışıqlarımız davam edir”.
Layihə çərçivəsində sosioloji sorğu yolu ilə həmçinin Özbəkistanda və MDB-yə daxil olmayan ölkələrdə - Venesuela, Hindistan, Çin, BƏƏ-də də rus dilinin dəstəklənməsi tədbirlərinin effektivliyi öyrəniləcək. 2024-cü ildə VTsIOM ilk dəfə olaraq öz işinin coğrafiyasını genişləndirərək İsrail, Hindistan, Qazaxıstan, Çin, Kuba və Misirdə rus dilinin vəziyyətini öyrənib.
Layihəyə əsasən hər bir ölkədə onlayn sosial sorğuda ən azı 1500 respondent, telefon və şəxsi müsahibələr vasitəsilə ən azı 1000 respondentlə müsahibə aparılmalıdır. Tədqiqatın özündən əlavə, VTsIOM rus dilinin xaricdə istifadə göstəricilərinin ekspertizasını keçirməli və bu ölkələrdə onun cəlbediciliyini artırmaq üçün tövsiyələr hazırlamalı olacaq. Ekspertizanı dilçilik, beynəlxalq əlaqələr, mədəniyyətşünaslıq və media sahəsi üzrə 10 mütəxəssis aparacaq. Ekspertlərin müsahibələrinin nəticələrinə əsasən Moskvada tematik dəyirmi masa keçiriləcək.