10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Heç bir vasitəçinin iştirakı olmadan keçirilən görüşdə tərəflər sülh gündəliyini müzakirə edib, sülhlə bağlı konkret müddəaları müzakirə ediblər. Əbu-Dabi görüşünün nəticəsi olaraq sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin paraflanması kimi məsələlərin növbəti görüşlərdə müzakirə edilməsinə qərar verilib.
Əbu-Dabi görüşü sübut etdi ki, Azərbaycan və Ermənistanın sülh üçün kimsənin vasitəçiliyinə ehtiyac duymur
Əbu-Dabi görüşü və bu görüşün nəticəsindən irəli gələn vacib məqamlardan biri tərəflərin sülh prosesində heç bir vasitəçiliyə ehtiyac duymaması ilə bağlıdır. Azərbaycan və Ermənistan Əbu-Dabi görüşü ilə bir daha bütün dünyaya sübut etdilər ki, onlar müstəqil şəkildə, heç bir kənar dövlətin iştirakı olmadan görüşə, müzakirə apara və konkret nəticəyə gələ bilirlər. Bu baxımdan Əbu-Dabi görüşünün növbəti ikitərəfli görüşlər üçün əlverişli zəmin formalaşdırdığı birmənalıdır.
Əbu-Dabi görüşü Azərbaycan və Ermənistanın sülh prosesinə qoşulmaqla bu proses əsnasında regional maraqlarını təmin etməyə çalışan böyük dövlətlərə birgə mesajı hesab edilə bilər. Bu görüş onu söyəməyə əsas verir ki, artıq heç bir kənar güc Cənubi Qafqazda sülhə töhfə vermək adı ilə proseslərə müdaxilə edə, öz maraq və mənafeyini bu konteksdə təmin edə bilməyəcək.
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasında qərarlıdır
Əbu-Dabi görüşünün digər mühüm önəmi hər iki tərəfin sərhədlərin delimitasiyası məsələsində həmrəy olması ilə bağlıdır. Görüşdə tərəflər sərhədlərin delimitasiyasının zəruriliyi fikrini bölüşüblər ki, bu da böyük sülhün əldə edilməsi, sərhədlərin dəqiqləşdirilməsi, münaqişə və qarşıdurmaya səbəb ola biləcək mübahisələrin həlli deməkdir.
Sərhədlərin delimitasiyası ilə bağlı ortaya qoyulan iradə tərəflərin sülh üçün gərəkli olan digər nüanslarla bağl razılığa gələcklərinə olan inamı ifadə edir. Əgər belə olmasaydı, o zaman sərhədlərin delimitasiyası məsələsi müzakirə obyekti olmaz, tərəflər detalları deyil, sülhün ümumi kontur və istiqamətlərini müzakirə edərdi.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı təcrübə mövcuddur və sevindiricidir ki, bu təcrübə də tərəflərin bilavasitə iştirakı ilə, heç bir dövlətin vasitəçiliyi olmadan əldə edilib. Əbu-Dabi danışıqlarında bu məsələnin yenidən müzakirə edilməsi sərhədlərin delimitasiya prosesinin yaxın gələcəkdə davam edəcəyinə ümidləri artırmaqdadır.
Azərbaycanın liderliyi ilə keçirilən sülh danışıqları regional sabitliyə nə vəd edir?
Azərbaycan və Ermənistan arasında gerçəkləşən və dövlətimizin liderliyi ilə keçirilən Əbu-Dabi görüşü bütövlükdə həm də regional sabitliyə verilən töhfə kimi də qiymətləndirilə bilər. Bu görüşlə tərəflər bir daha nümayiş etdirdilər ki, onlar regionda yeni bir münaqişə istəmirlər və bütün məsələlərin sülh yolu ilə həllində maraqlıdırlar. Hansı ki, bu qərarlılıq Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsində olduqca vacibdir.
Heç kimə sirr deyil ki, bəzi qlobal güclər, eləcə də Fransa zaman-zaman regionda gərginliyi artırmağa, Ermənistanı silahlandırmaqla İrəvanı yeni hərbi qarşıdurmaya təhrik etməyə çalışır. Əbu-Dabi görüşü isə sübut etdi ki, Azərbaycanın davamlı sülh çağırışları öz bəhrəsini verməkdədir və İrəvan da problemin sülh yolu ilə həllində maraqlıdır.
Bir sözlə, Əbu-Dabi görüşü Cənubi Qafqazda sülhün təmin edilməsində münaqişə tərəflərinin qərarlılığının növbəti dəfə nümayiş etdirilməsi, qlobal güclərin regiona müdaxilə imkanlarının məhdudlaşdırılması, problemlərin dialoq yolu ilə həllindəki israrlılığın ortaya qoyulması, növbəti görüşlərin daha rassional şəkildə keçirilməsinə zəminin formalaşdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Çox güman ki, biz yaxın gələcəkdə tərəflər arasında yeni görüşlərin şahidi olacaq və bu görüşlər böyük sülhə addım-addım yaxınlaşmağı təmin edəcək.
Seymur ƏLİYEV
Moderator.az